Hikmət Hacızadə. VERGÜL. (Absurd teatr)

AXC Toplantısı. 1991 – Arxiv foto

Azərbaycan Xalq Cəbhəsində orfoqrafik böhran
Azərbaycan ABSURD TEATRInın ilk pyesi

1991

ORFOQRAFİYA CƏBHƏNİ PARÇALAYACAQMI?

(Dəyirmi Ekran)

Dəyirmi ekranda, aktual masa arxasında Cəbhənin veteranları əyləşib. Bu gün onların Hamısını bir problem narahat edir: Budur, həm Cəbhə, həm də bütövlükdə Cəmiyyət dağılmaq üzrədir. Xalqın mənafeyi naminə VERGÜL sözünü necə yazmalıyıq – bir yerdə, yoxsa ayrı? Tamamilə aydındır ki, bu sözün orfoqrafiyasına münasibətin arxasında müxtəlif maraqlar və dünyagörüşləri dayanır. Ancaq hərəkatımızın liderlərinin bir çoxu unudurlar ki, bu məsələdə Milli zəminə əsaslanmaq və Milli mənafeni müdafiə etmək lazımdır. Bəs bu mənafe nədədir? “Canlı” mikrofonu əlində bərk-bərk tutan Ədalət Tahirzadə – qəzetimizin veteranı – bu orfoqrafiya böhranından çıxış yollarını arayır.


Ədalət:
Hərəkatımızın bu çətin vaxtında dərdimizə şərik çıxıb, vaxt tapıb Dəyirmi ekranımızı təşrif buyurubsunuz. Sağ olun. Təəssüf ki, qəzetimizdə mənim vacib müqəddimələrimə heç vaxt yer verilmir, ona görə də birbaşa mətləbə keçək. İstəyirəm sözü sevimli liderimiz Etibar Məmmədova verim. Etibar bəy var olsun ki, vacib işlərini buraxıb belə çətin vaxtda
bizim dəvətimizi qəbul edib. Buyurun, Etibar bəy!

Etibar (ayağa qalxır):
Əvvəlaaaa, məniiii, buraaaa, siz yox, MİLLİ borcum gətirib, XALQ seçib, dəvət edib. İkincisiiii. Buuuuu probleeeeem qondar-ma problemdir… Çünki! Məniiiiim millətiiiim heç vaxt VERMƏYİB vəəəəə VERƏNDƏ heç vaxt GÜLMƏYİB. Buna görə dəəəəə! Bunları biriii-birindən ayırmaq milliiii xəyanətdir. Millətimiiii parçalayan bu nalayiq durğu işarələrinin qətiiiii əleyhinəyəm. VERİB GÜLƏN hər bir kəs bir dəfəlik duymalıdır kiiiiii, oooo azərbaycanlıdır, türkdür. Məəən özüm üçün vəəəəə beləliklə, millətim üçün müəyyənləşdirmişəm ki, həyatdaaaa GÜLMƏK uçün VERMƏK lazımdırsa, Hər ikisindən imtinaaaa edib həyatdan istefa VERƏCƏYƏM.

Ədalət:
Allah göstərməsin, bəy. Xahiş edirik əsəbiləşməyin, əyləşin baxaq, hələ başqaları buna nə deyir. Aha, deyəsən, Rəhim bəy Qazıyev söz demək istəyir – əlini uzadıb.

Rəhim:
Hamınıza qurban olum. Mən burada hamını özümdən ağıllı sayıram. Amma bu problemin problemliyini başa düşə bilmirəm…
Mən Etibar bəylə doğsan doqquz faiz razıyam. Ancaq bir şey var. Cörünür bu problemi ortaya atanlar milli psixolociyaaaa arxalanmır, xalxımızın içində olmayıb, onun meyl və vərdişlərinə nabələddir. Axı… VERMƏK var, vermək də var. Bu VERMƏKlər biri-
birindən qəti fərqlənir. Şəkinin özünü cötürək…

Ədalət:
Yox, yox, Rəhim bəy, bu hamımıza əziz, lakin başqa, çox geniş bir mövzudur…

Rəhim:
Başqa zad döyyy, çox siz deyən ceniş də döyyy. Sözümün canı budur ki, VERMƏK olar. Baxır necə? VERƏNDƏ vicdanla, ləyaqətlə VER. elə VER ki… elə bil dədaaa, ciyaaaa, millətaaa xeyr verirsən. Səmimi qəlbdən VER. Yoxsa ki.., iştahasız işdir…

Ədalət:
Çox sağ olun, Rəhim bəy, problem cörünür, üzr istəyirəm, görünür ki, yavaş-yavaş açılır.
İndi isə görək əks tərəf nə deyir. Hamımızın zəhləsini töksə də, sözü Hikmət bəyə verək.

Hikmət:
Po-moemu, bu problem təzə bir problem deyil. Olduqca vacib və çoxdan izvestnı bir problemdir. Kökləri isə Prava Çeloveka və Yalan-Doğru problemlərinə dirənir. Snova biz öz-özümüzü aldatmağa staratsa eləyirik. Axı bəşər tarixində VERMƏYƏN şəxs olmayıb! Gəlin bunu boynumuza alaq. Lojnı utanmağı kənara qoymasaq bizə lyuboy millət qoya-qoya duracaq… VERMƏK fizioloji bir tələbat, ictimai bir reallıqdır. Fərd təminatlı VERMƏK azadlığına malik olmalıdır. Neposredstvenno VERMƏK prosesində isə GÜLÜB ya da AĞLAMAĞI özü seçməlidir. Və mən əminəm ki, v konse-to konsov formalaşdırdığımız azad insan GÜLMƏYİ seçəcək. Bu isə Azərbaycanda orfoqrafiyanın tam qələbəsi demək olacaq. Bunu bizə dünya təcrübəsi də diktə edir. Artıq dünya elmində qəbul olunub ki, VERDİYİNİ açıq etiraf etməyən insan rahat VERƏ bilməz! Rahat VERMƏYƏN insan məhsuldar yarada bilməz! Yaratmayanda da millətini yaşada bilməz. Görün bir Hollandiya bu VERMƏK sayəsində orfoqrafiyanın hansı verşınalarına qalxıb. Mən Fransada olanda…

Ədalət:
Kifayətdir, Hikmət bəy. Bunu min dəfə eşitmişik. Eyni valı nə qədər fırlatmaq olar. Axı… BURA ESTONİYA DEYİL!

Hikmət: Estoniyə yox, Fransa…

Ədalət: Fərqi yoxdur, ora da Estoniya deyil.

Hikmət:
… O ki qaldı məsələmizə, – mən VERnən GÜLün şərtsiz ayrılmasının storonnikiyəm. Və burada bəzilərinin orfoqrafiyanı inkar edib səkkizinci dəfə istefa verməklərini böyük həvəslə
qarşılayıram. Orfoqrafiyasız millət – millət olmayacaq!

Etibar (əsəbi):
Məəən! İstefa-zad verməmişəm. Çünki!. Heç vaxt verməmişəm. Yenəəə məniiiim sözlərimi təhrif edirlər. Mən demişəm kiiii. Millətimin xeyri üçün orfoqrafiyanı tapdalamağa hazıram…

Ədalət:
Eşq olsun, Etibar bəy! Biz də redaksiyada bunu tətbiq edirik. Əsəbləşməyin, stulu qoyun yerinə. Əbülfəz bəy, qoymayın! Dağıtdılar!

Əbülfəz (araya girir):
Bu heç olmadı, bəylər. Buraya biz məsləhətə gəlmişik, qaşınmayan yerdən qan çıxartmağa – yox… VERƏN – versin, GÜLƏN – gülsün… Mən burada bir ziddiyyət-zad görmürəm. Hikmət bəy də düz deyir, Etibar bəy də. Bunları qarşı-qarşıya qoymaq olmaz. Mən görüşün axırında öz fikrimi bildirəcəyəm, o… hələ formalaşmayıb. İndi isə sizə məşhur bir ərəb (əslində isə o, türk idi) alimi İbn-əl-İftinanın siyasət haqqında gözəl bir fikrini çatdırım. Dəqiq deyil, lakin kişi təxminən belə bir şey deyərdi ki, siyasətdə pis-yaxşı yoxdur… Pisin öz yeri, yaxşının da öz yeri var. Yəni, bunlar bir vəhdət təşkil edir. Bunları qarşı-qarşıya qoymaq olmaz. Bu böyük bir fəlsəfədir. Əslində, qədim türklər orfoqrafiyanı qılıncdan, çəngəl-bıçaqdan belə əziz tuturdular…

Firidun Calilov:
Üzr istəyirəm, a bəy. Özü də nahaq yerə bəziləri bu VERGULü ərəblərə, farslara aparıb çıxardıblar. Bu əsl türk sözüdür…

Hikmət:… və məhz buna görə də ayrı yazılmalıdır…

Firidun: … qədim şumerlərdən gəlir…

Vurğun Əyyubov:
…özü də qədim şumerlərdən əvvəlcə ayrımlara, sonra isə Sakit okeandan Zonquldağa qədər yayılır…

Firidun:
Bəli, bəli, qədimdə ayrımlar bu işarəyə VERGÜL yox, BASGÜL deyərdilər.

Əbülfəz:
Elədir. Özüdür. VER yox, BAS — türkə daha xasdır.

Vurğun:
A bəy, doğrusu, BAS GÜL yox (burada nə isə bir təcavüz əlaməti var), GÜL BAS deyərdilər Tovuz tərəfdə. Hələ məşhur Şekspir öz dissertasiyasında…

Firidun:
Şekspiri dəqiq deyə bilmərəm, amma Hamlet danimarkalaşmış türkdür. Buna onun adı işarə edir (Hamlet, Telman, Roza və ilaxır…). Mən bu yaxınlarda bu barədə bir məqalə yazıb qurtaracağam. Cəmi 135 qrankadır. Onu AZADLIQDA dərc edək, a Bəy?

Ədalət:
Söhbətimiz yayınır, bəylər. Gəlin görək ağsaqqalımız Tofiq bəy nə deyir bu məsələyə, o, çıxışına, deyəsən, çoxdan başlayıb. Altıncı mikrofon!

Tofiq Qasımov:
…Yeddincisi! Suveren Respublikanın orfoqrafiyası tamamilə təzədən yazılmalıdır. Özü də yazılıb. Mənim tərəfimdən! Konstitusiyanın ikinci maddəsinin on beşinci bəndinin səkizinci abzasında tamamilə aydın göstərilir ki, Hər hansı bir orfoqrafik qayda
qəbul edildikdə kvorum, yəni yetərsay deyirlər bəziləri…
………………………………………………………
………………………………………………………
(Tofiq bəyin çıxışının həcmi böyük olduğundan, ona qəzetin xüsusi buraxılışı həsr olunacaq.)

Ədalət:
İsa Qəmbərov, deyəsən, yenə də yoxdur. Neynəməli, sözü onun sevimli şagirdinə…

Pənah Hüseynov: ….Müəlliminə!

Ədalət: …üzr istəyirəm, Müəlliminə – Pənah bəyə verək.

Pənəh:
Düşük-düşük söhbətlər eləyirsiniz. Səhərdəndir qulağımı asmışam – adam prostı əsəbiləşir. Bilmədiyin şeydən nə qədər danışmaq olar?! Hələ məşhur Vitqenşteyn öz terminoloji tədqiqatlarını apararkən…

Hikmət: … Vitqenşteyn bezdarnının birisidir…

Pənah (hirslə davam edir):
…qeyd etmişdir ki, təriflərin qnoseoloji köklərinin genezisi iki yolla gedə bilər. Və bu MAYGÜLÜ probleminin ambivalentliyi…

Ədalət: ….MAYGÜLÜ yox, VERGÜL, Pənah bəy!

Pənah (əsəbi):
Eyni şeydir. Voobşe mənim sözümü kəsməyin. Adi bir iclası apara bilmirsiniz. Kimdir burada sədr? Sədr yoxdur? Onda
mən sədrlik eləyəcəm.
(Yuxarı başa keçir.)
Həəəə. Söhbət nədən gedirdi…? Bu rayon şöbələri görürsünüz də, lap ağını çıxardıblar.

Sabit Bağırov:
Dayan görək hələ. Bəylər, gəlin öz işimizi bir nizama salaq. Mən burada bir anket tərtib eləmişəm. Çox böyük də deyil həcmi. Cəmi 94 punktdan ibarət balaca bir anketdir.
Onu Hərə doldursun. Sonra kompüter analizindən keçircək. Onda bizə hər şey aydın olacaq…

Hikmət: … bizə yox, sizə. Mənim üçün çoxdan hər şey aydındır.

Sabit: … mən artıq 1543 nəfərin anketini kompüterdən keçirmişəm. Belə çıxır ki, bunların bir qismi – 28% ümumiyyətlə VERMƏKlərini inkar edir. Böyük bir qismi – 47% mütəmadi VERMƏK prosesində iştirak etdiklərini dolayı yollarla büruzə verir. Qalan 25% bu prosesdə böyük məmnuniyyətlə iştirak etdiklərini bildirir. Beləliklə…

Ədalət: Deyəsən, İsa bəy gəldi….

İsa Qəmbərov: Saam meeekim. Burdasız? Bu saat gəlirəm. (Boynunu büküb gedir. Və görünür, biryolluq…)

Ədalət: Artıq iki səhifədir ki, çənə döyürük, Həqiqət isə…

Hikmət: …mədəm ağrıyır. Sən allah, tez ol, səsə qoy.

Ədalət: Axı…heç nə aydın olmadı?

Hikmət: … mənim üçün hər şey aydındır. Başqa bezdarnılar isə onsuz da bir şey başa düşməyəcək.

Kimsə (qışqırır): …Heyvan özünsən!!! (Ara qarışır. İntellektual gərginlik fiziki gərginliklə əvəzlənir.)

– Ar olsun!
– Şizik!
– Satdılar!
– Yaşasın demokratiya!
– İstefa!” qışqırıqları.

(Bu zaman içəri AXC-nin ziyafət şöbəsinin müdiri Ələskər Siyabov daxil olur.)

Ələskər: Bəylər!!! Vacib bir xəbər… Türkiyədən məşhur qaloşsatanlar gəlib! Sizi görmək istəyirlər. Aşağıda avtoqraf paylayırlar. Tez olun, yoxsa qurtaracaq!!!

(Bəylər nəhayət birliyə gəlib zalı cəld tərk etməyə çalışırlar.)
Ədalət: Bəylər! Hara?! Bəs mövzu?! Əbülfəz bəy, kömək edin, qoymayın…
Əbülfəz: Dayanın!
Tapdım!
Tire!

(Hamı dayanır.)

Əbülfəz: Tire ilə yazaq! VER TİRE GÜL! Yadınızdadırsa, qədim türklərdə belə bir durğu işarəsi də vardır – TİRE! O, eyni zamanda TÜRK OXUNUN işarəsidir. Bu ox mənliyini itirmiş hər bir türkün ürəyinə, doğma orfoqrafiyasına xəyanət etmiş türkün zehninə sancılırdı. Əhsən babalarımıza! ( Hamı sevinclə üzünü Əbülfəz bəyə tutub əl çalır.)

– Min əhsən! Eşq olsun! Ar olsun! Min təbrik! İstefa! Satıldıq! Şiziklər! Yaşasın demokratiya!

(Xalq çalğı alətləri orkestri Ver-dinin “Aida”sından
marş ifa edir.)

Səhnə arxasından diktor (təntənə ilə):
Milli birlik, demək olar ki, yarandı.
Bu böhrandan da çıxış yolu tapıldı.
İstehza – demokratiyanın cövhəridir.
Əziz baldızlar və bacanaqlar, gələn
böhranlara qədər var olun!
İstefa!

***

Bir Cavab to “Hikmət Hacızadə. VERGÜL. (Absurd teatr)”

  1. eldar Says:

    en dogru hell: “veren versin, gulen gulsun” dur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: