Archive for İ

Tağı Əhmədov: “Nə adamlığın var, nə də müxbirliyin”

Avqust 31, 2011

Foto: Google

Bakı Metropolitenində kart sisteminə keçidin yenicə tətbiq olunduğu vaxtlar idi. Jurnalistlər Tağı Əhmədovu harada görürdülərsə, kart sisteminin yaratdığı çətinlikdən söz salırdılar. Həmişə T.Əhmədovu öz sualları ilə əsəbiləşdirən jurnalist Rəşad Süleymanov bu dəfə də kart sisteminin metroda bahalıq yaradıb-yaratmayacağını soruşur.
Metropolitenin rəisi də bu sualdan xoşlanmadığı üçün üzünü jurnalistə tutub bu sözləri deyir: “Sənin nə müxbirliyin, nə savadın, nə də adamlığın var. Sual verə bilmirsən, mənə de, özüm özümə maraqlı sual verim, özüm də cavab verim”.

Advertisements

Mümkünsüz heç bir şey yoxdur!

Avqust 25, 2011

Heç kim heç zaman düşünə bilməzdi ki, Misir diktatoru Hüsnü Mübarək bir gün devriləcək. Çünki, Mübarək diktaturası bütün diktaturalar üçün örnək idi. Xırda diktatorlar ondan bütün şeyləri öyrənirdilər. Amma Mübarək devrildi. Özü də çox asan yolla.  Axillesi də dabanından vurmuşdular.  Tunis prezidenti də çox özündən razı idi. Amma onu da qovmaqla xalq hər şeyin mümkünlüyünü bir daha sübut etdi… Diktatorlar qalırlar, amma zaman və insanlar dəyişir və dəyişim istəyir… Qəddafi də güya hakimiyyətdə qalıb, Bashar Al Assada masterklass keçmək istəyirdi ki, bax, mən qaçmıram. Öyrən… Amma artıq onun da devrilməyinə az qalıb.  Heç kim düşünə bilməzdi ki, Qəddafi kimi adama qalib gəlmək olar. Amma mümkün oldu. Mümkünsüz heç bir şey yoxdur! Qəddafinin məsələsi bitincə, Bashar Al Assada növbə çatacaq. Bu qaçılmazdır… Hər şeyin vaxtı var!

10 filmdən 10 musiqi

Avqust 25, 2011

The Notebook
The Lake – Aaron Zigman

Forrest Gump
Im Forrest, Forrest Gump – Alan Silvestri

The Cider House Rules
Main titles – Rachel Portman

Chocolat
Main Titles – Rachel Portman

Romeo & Juliet
A time for us – Nino Rota

Pirates of the Caribbean
One Day – Hans Zimmer

Braveheart- James Horner Theme Song
Tuck Everlasting
Theme song – William Ross

Legends of the Fall
The Ludlows – James Horner

Titanic
The Portrait – James Horner

Rafiq Tağı: Avropa və biz

Avqust 24, 2011

Yazıçı Rafiq Tağı

“Şərq-Qərb araşdırmaları” silsiləsindən

Avropa coğrafi məkan kimi də yox, mənəvi-əxlaqi areallıq baxımından, bəşəriyyəti həmişə düşündürüb. Çünki Avropa dəyərləri əslində bütün bəşəriyyətin uğurudur və heç də avropalıların təkəbbürünə səbəb olmamalıdır. Hərçənd əfsus, bu təkəbbür vaxt-bivaxt özünü göstərir, hətta cisimləşərək faşizm timsalında, ya militarizələşmiş aqressiv millət tərzində ortaya çıxır.

Əlbəttə, faşizm Avropanın bağışlanmaz səhvi idi.

(more…)

“Oskanyan öz şeyini, mən də öz şeyimi qoyduq ortaya və başladıq…”

Avqust 22, 2011

Elmar Məmmədyarov

Elmar Məmmədyarov: “Oskanyan öz şeyini, mən də öz şeyimi qoyduq ortaya və başladıq müzakirə etməyə”

Moskvada erməni həmkarı Vardan Oskanyanla görüşdən qayıdan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə aparılan danışıqların məzmunu haqqında açıqlama verir.
Jurnalistlər nazirdən görüşdə konkret nəyin müzakirə edildiyini soruşurlar. E.Məmmədyarov da onlara belə cavab verir: “Oskanyan öz şeyini, mən də öz şeyimi qoyduq ortaya və başladıq müzakirə etməyə”.

Sevgi – hər gün vurulmaqdı eyni qadına (Şeir)

Avqust 21, 2011

Ateistin kədəri

(Salam Sarvanla söhbətlər)
1
Həyat o qədər balacadır ki, böyük adamlar darıxırlar orada.
Eşidirəsən həyat! O qədər balacasan ki, böyük adamlar darıxırlar səndə.
Divin mağarada,
Hökmdarın taxtda,
Güllən lülədə, çağan qundağda darıxır.
ən yüngül xəstəliklərin də bir gün ölüm xəbərdarlığına çevrilir.
Hər gün bir ümidin ölür, yerinə bir əzabın, qorxun dirilir.
Göyərçinlərin dimdikləyir başını bit basmış heykəllərini
Gücün çatanları daşa, çatmayanları torpağa çevirirsən.
Bir ümid tapanda dostlarla bölüşürük aramızda
Ovub hələ quşlarına da atırıq.
Şəkilçi qəbul etməyən “əlvida” sözü kimi tənhayıq…
…darıxırıq… darıxırıq…
2

Sevgi – hər gün vurulmaqdı eyni qadına!

3

Vaxt – heç vaxt insanın yadından çıxmır
Şair o kəsdir ki vaxtı unuda bilir
Səhər ibtidai icma quruluşundadır
Günorta feodalizmdə
Axşamüstü kapitalizmin ağrılarına dözür.
Şair özünün oğludu, atasıdı, qardaşıdı
Şair özünün qəbridir, öz-özünün başdaşıdır!
Unudulmaq! – Budur onun duyğusu.
Yadda qalmaq! – Adilərin arzusu.

4

Biz kənd uşaqlarıydıq
İnəklərə ot tayası yığardıq, acından ölməsinlər
Ağlayanda evin dalında ağlardıq, arvadlar görməsinlər.
Atamızın kəfənini düzəldərdik qəbirdə
Doyunca yemək yeyərdik; ya məsciddə, ya pirdə.
Biz kənd uşaqlarıydıq.
Gözlərimiz anadan, əllərimiz atadan bizə qaldı yadigar
Ona görə beləyik; ağlağan və davakar!

5
Həyat,
Sən bizə xoşbəxtliyimizi başqalarının bədbəxtliyi ilə
ölçməyi öyrətdin.
Quşun ilanına baxıb sevinir
ilanın soxulcanına.
Göy üzü Yer üzünə baxıb sevinir
Gecələr ulduzlar küçə işıqlarını lağa qoyur.
Ev uşaqları küçə uşaqlarını lağa qoyur.
Azadlıqda olanlar gün işığını belə
Payokla verirlər məhkumlara pəncərədən.
Budur sənin balacalığın,
O qədər balacasan ki, ilbizin qabığına sığırsan.

6
Əlimdə bir tikə çörək, güzgüyə baxıram:
nəyin qulu olduğumu görüncə, ağlamaq tutur məni.
Görəsən, indi hayanada sevgilim unudur məni.
Divara vurduğum xəritədə axtarıram xoşbəxtliyi
ən sevdiyim şairləri, rəssamları axtarıram xəritədə.
“Yoxdu”… “Yoxdu” – səslər gəlir,
O qitədən, bu qitədən:
– Öldürmüşük, başına güllə çaxmışıq,
Lap belə dara çəkmişik, artıqmısan onlardan sən!?

7

Tanrım, həyata acıqlan!
Çəkmələrimizi belə tez köhnəldir,
ayaqyalın qoymaq istəyir bizi
saçlarımızı tez ağardır, dişlərimizi
tez tökür.
Gecikmək lazım olanda tələsir,
Tələsmək lazım olanda gecikir.
Bir barmaq silkələ göydən… Tanrım, sənə min şükür!

Tarixin acığına sevgi

Təhqir olunmaq – burdan başlanır insanlığın tarixi!
Öz başlanğıcını burdan götürür
bir çox kəsici alətlər.
Balta
qılınc
bıçaq
“Adam” sözünə ən yaxşı qafiyəni
tarix özü tapıb:
“Edam”

Vəssalam!

Tarix şairə bənzər; özü özünü yazar.
Qələmi silahdır, mürəkkəbi qan.

Bir azdan
mən sənə sevgi elan edəcəyəm
Bir azdan – doğrusu, bilmirəm haçan.

Ölmə!
çünki çox uzaqdasan.
Mən gəlib çatanacan
ölmə!
Sənə sevgi elan edəcəyəm.

İnək

Yuxuma bir inək girir hər gecə
Vərəqləri, pərdələri çeynəyir
Oyanıram, düşünürəm yataqda,
Mən təkəmsə, görən, Tanrı neynəyir?

Necə dözür bu əbədi təkliyə?
Bəlkə, bəlkə, darıxmamaqdan ötrü
Kəklik olub qonur qaya dibinə
Ovçu olub güllə atır kəkliyə..

Ha qovuram inək çıxmır yuxumdan
Aman Tanrım, inəyinə yiyə dur.
Mən qalıram yer üzündə tək-tənha
Sən də Tanrım, dur, ya Allah, göyə, dur.

Əşya

Özünü öldürməli? Budurmu çıxış yolu?
Qonşu mənzildən gəlir dərdli-dərdli val səsi.
Dəftərdə axtarıram köhnə dostun nömrəsin,
Yoxdu… sirrə çevrilib alın yazısı kimi.

Yəqin, mən də köhnəyəm indi onun yadında
Bəlkə, yadından çıxıb bir vaxt dost olduğumuz.
Son dəfə dalaşanda gülə-gülə söyüşdük
O, mənə “Eşşək” dedi, mən də ona “Ağ donuz”.

Çırpıb getdi qapını.
Mən də qəsdən dalınca vızıldatdım mis tası.
Ancaq hələ də evdə masanın üstündədir,
Geri qayıtmaq üçün “unutduğu” əşyası.

Basketbolçuların davası – VİDEO

Avqust 21, 2011

Çində yerli Bayi Rockets komandası ilə Amerikanın Georgetown  Universitetinin basketbol komandası arasında yoldaşlıq oyunu keçirilib. Oyun zamanı çinli idmançılar amerikalıları döyüblər. Döyüşdə stullardan da istifadə edilib.

Ramazanlıqda erotik party (Fotolar)

Avqust 15, 2011

Avqustun 14-də Bakıda Dj Vanilla Skyadlı parti keçirilib. Bir tərəfdən də deyirlər Ramazanlıqdır… Heç bir şey başa düşmək olmur.  Məsələn gənc yazarlar tənqidi bir şey yazanda hər kəs tökülür onların üstünə ki, bəs insanların dini hisslərinə toxunmusan… Ay döyərik, ay həbs edərik, ay öldürərik. Amma erotik partylər olanda heç kim, heç kimə bir söz demir. Bu nə iki üzlülükdür? Mentaliteti müdafiə edənlər hər zaman gənclərin üstünə düşürlər. Amma belə partylər olanda mentaliteti müdafiə edənlər heç gözə görsənmir. Tam ciddi soruşuram: “Anamız, bacımız var” prinsipiylə yaşayanlar hardadırlar axı? Məni belə şeylər narahat etmir… Sadəcə maraqlıdır… Məncə hər şey Eurovisiondakı qələbədon sonra başladı. O vaxtı da şəhərdə qadınlar paltarlarını soyunurdular. (BAX: Seksual inqilaba bir addım? (FOTOLAR))

Dj Vanilla Sky Bakıda

(more…)

Mirzə Xəzər necə öldü? (Foto)

Avqust 15, 2011

ANS-in necə peşəkar olduğu bir daha üzə çıxdı… İndiki ANS məhz Elgizdir, nə bilim Elgizin bacısı olan o qızdır… ANS xəbəri dəqiqləşdirmədən Mirzə Xəzərin öldüyünü yazdı: “Tanınmış jurnalist ölümü ilə bağlı şayiəyə münasibət bildirib” . Şayiəyəni elə ANS yamışdı da… Hamı da oradan oxuyub, ölüm xəbərini paylaşırdı… Biabırçılıqdır…

***

Facebookda çox istifadəçi girib Mirzə Xəzərin Wallına yazıb ki, Allah rəhmət eləsin… Mirzə Xəzər də cavab yazıb ki, Çox sağ olun :)))

Reşo!

Avqust 14, 2011

Azərbaycan cəmiyyəti zəifdirmi?

Avqust 12, 2011

Yazıçı, aktivist Eduard Limonov aksiyada həbs edilərkən. Foto: RT

Qismən qəbul edək ki, Azərbaycan cəmiyyəti  zəifdir. Və həmən qonşu Rusiyaya baxaq. Böyük rus xalqının ziyalıları dünya fikrinə təsir ediblər. Tolstoy, Dostoyevski, Puşkin, Lermantov, Qorki, Blok və onlarla siyasi xadim, elm adamı…  Yəni rus xalqının gücünü heç kim inkar edə biləz… Keçmişi buraxaq, bugünki Rusiyaya nəzər salaq. Bu gün Rusiya nə vəziyyətdədir? İnqilab etmiş bir xalq indi inildəyir… Rusiya müxalifəti bütün üzvlərini toparlayıb bir neçə minlik etiraz aksiyası keçirə bilmir. Стратегия 31, Марш Несогласных  adlı etiraz aksiyalarında cəmi 1-2 min adam olur… Bu gün Rusiya müxalifətinin liderləri kifayət qədər ağıllı və nüfuzlu şəxslərdir. Kasparov, Limonov, Nemtsov, Ludmila Alekseeva və adını yazmadığım onlarla ziyalı…  Bu insanların təşkil etdiyi etiraz aksiyaları demək olar ki, bir neçə dəqiqə çəkir, polis çox az sayda olan müxalifətçilər tez döyüb, həbs edir.

***
Böyük tarixi, ənənəsi və inqilabı olan rus xalqının vəziyyəti bu gün çox acınacaqlıdır… Cəmiyyət müxalifətə, müxalifət də cəmiyyətə heç cür yardım edə bilmir.   Buna səbəb də ölkədə olan korrupsiya, rüşvətdir. Korrupsiya xəstəlik kimi bir şeydir… Bütün cəmiyyəti məhv edir, dağıdır… Necə ki, Rusiya cəmiyyətini məhv edib.
**

Azərbaycan cəmiyyətini də rəzil vəziyyətə salan milyardlarla neft puludur. Bu pullar cəmiyyətdə tormoz rolunu oynayır, müsbət dəyişikliklərin, islahatların qarşısını alır. Etiraz edən tez həbs edilir, qorxudulur.  Bu pullara ən güclü adam belə satın alınır… Amma milyonlara, milyardlara satılmayan vicdanlar, ürəklər, qürurlar da tapılır… Hansı ki, cəmiyyəti dəyişir!

Bəxtiyar Hacıyev haqda…

Avqust 11, 2011

Baktiyar Hajiyev

Bəxtiyar Hacıyev həbsdədir. Bu ölkədə İlham Əliyevdən xəbərsiz bir quş da uça bilməz… Böyük ehtimalla Bəxtiyarın həbs qərarını da İlham Əliyev verib.  Həbs etmək, döymək, öldürmək asandır… Çətini qarşındakını dinləmək, problemi həll etmək, çıxış yolları axtarmaqdır.  Bu zehiniyyət tələb edən bir şeydir…  Roma Papası II İohan Pavel demiş, güc və silah indiyədək heç bir problemi həll etməyib. Amma zora adət etmiş hökümət öz siyasətini davam etdirir…

***

Gənclik gələcəkdir. Gənclərlə mübarizədə heç kim uğur qazanmayıb. Gənclərlə mübarizə gələcəklə mübarizədir…

***

Heç kim həbsdən sığortalanmayıb… Ola bilər ki, həbs edilməyəsiniz… Çöldə, azadlıqda qalasınız… Amma həbsdən daha təhlükəli olan korrupsiya gec- tez sizi tapacaq. Evdə, işdə, həkimdə, universitetdə…

Aqşin Yenisey – Tut arağı və çöl ördəyi (Şeir)

Avqust 11, 2011

Aqşin Yenisey

Qaranlıq qəfildən qəhqəhə çəkdi

Qəfildən yağış də kəsdi, yağmadı

Binanın damından bir adam düşdü

Göyə yollanırdı, yerə yapışdı

Mən evdə tək idim, əzab çəkirdim

Qəfildən həyətdə bir səs-küy qopdu

Bir arvad çığırdı üzüyuxarı:

– «İsanı kölələr şillələdilər!»

Qazanın dibində yatmışdı yemək

Onu da, məni də oyatdı isti

Pisdir, axşamüstü yaşamaq pisdi!

Götürüb zəng vurdum, İlham Tumasa

Bir az söyüş söydüm, bir az ağladım

– təzə nə xəbər var – soruşdu məndən

– İsanı kölələr şillələdilər!

Süfrənin üstündə hər şey yarımçıq

Çağırdım, səslədim qarışqaları

Evdə heç kim yoxdur, bu necə evdi?

Özüm yarım saat qarışqa oldum

Vurnuxdum boş evdə, gəzdim boş evdə

Yarım saat çəkdi qarışqalığım

İsanı kölələr şillələdilər…

Kafir təfəkkürlü bir qızı sevdim

Sevgimi fikrimdə doqquza vurdum

Alınan hasili ikiyə böldüm

Axırda bir uşaq qalıq alındı

Can atdım, can atdım adam olmağa

Məndən quş alındı, balıq alındı

Ağac şəkli çəkdim bekarçılığa

Geyindi dərisin şair Nəsimi

Dedi, üşüyürəm, ev nə soyuqdu

İsanı kölələr şillələdilər.

Təkliyin dibinə göz yaşı tökdüm

Bir az tez yetişsin ölüm meyvəsi

Mənim dostum divar, düşmənim divar

Bağışla, sənə də bir yumruq vurdum

Bağışla, yediyim ördək qanadı

Bağışla, bağışla udduğum hava

Udub ciyərimdə incitdim səni

Bağışla, bağışla sol ayaqqabım

Sənə mıx vurdurub, yumdum ağzını

Bağışla şeytanı, bağışla tanrı!

Bağışla tanrını, bağışla şeytan!

İsanı kölələr şillələdilər!

Mən niyə siçan dərmanı axtarıram…

Avqust 10, 2011

Nizami küçəsində -Şaruma tərəfdə bir qoca dilənçi nənə var. Hamının dalınca düşüb, “yalvarıram, yalvarıram” deyə- deyə pul dilənir. Bu nənə məndən də əl çəkmirdi… “Yalvarıram, yalvarıram” deyə- deyə məndən də pul almaq istəyirdi. Mən də deyirdim ki, probleminizi ya prezidentə deyin, ya da millət vəkilinə… Adam əl çəkmirdi. Pul istəyirdi. Belə 4-5 dəfə davam etdi. İnad etdi, mən də…

***
Dünən yenə gəldi ki, pul ver. Dedim ki, tamam verirəm… Amma bir şərtlə… Verdiyim pulun müqabilində çek verəcəksiniz ki, verdiyim puldan vergi də hesablansın. Bunu demişdim ki, qoca dilənçi başladı küçə söyüşləri ilə məni təhqir etməyə: “Ay sənin ağzıvı …”

Mən də rəsmi danışmağa başladım: – Xahiş edirəm Azərbaycan Respublikasının vətəndaşına söyüş söyməsiniz… Sizi məhkəməyə verəcəm ki, məni təhqir etmisiniz və istirahət hüquqlarımı pozmusunuz.

– Ay məhkəmə …-sin səni… Pul ver… Oğraş…

– Tamam. 10 manat verirəm… Amma 9 manat 80 qəpik qaytarın…

– Ay oğraş, pulun yoxdur? Bəs nə gəzirsən şəhərdə? Qəh…, Oğraş… Kişisən sən? Saçına bax bunun…

– Ay nənə söyüş söyməyin xahiş edirəm…

Elə hey söydü… Mən də sakit durub getdim… İndi siçan dərmanı axtarıram…

Ceyhun Nağı üçün…

Avqust 10, 2011

Jurnalist Ceyhun Nağı da vəfat etdi…  Bir daha əmin oldum ki, hər ölüm vaxtsız ölümdür. Nə edirsən et, o bir daha geri qayıtmayacaq… Bütün ölənlər kimi… Getdi, heç bilmirsən hara… Heç bilmirsən harda tapacaqsan onu, harda görüşəcəksən? Harda güləcəksən? Peyğəmbərlər belə ölüm barədə az bilirdilər. Mən ölüm barədə nə yazacam ki?   Həyat və ölüm o qədər sürətlənib ki, vəfat edən dostlarımızı dəfn etməyə, yola salmağa da gecikirik! Eh…

Təzə yaran var
Salam, sağlığına qismət
Gəl, sənə təsəlli verim
Darıxma. düzəlməyəcək.


%d bloqqer bunu bəyənir: