Həyasızlıqdan terrora

Foto: Google

Ağalar Məmmədov

“Biz onu öldürdük” (Nitsşe)

“Qayda” terror təşkilatının başçısı sayılan və emblematik fiquru olan Bin Laden ideal variantda ABŞ-a diri lazım idi, ya ölü? “Biz onu öldürdük!” dezinformasiyası arxasında əslində diri. Bu basqın əməliyyatının illərlə və incəliklə planlaşdırılmasındakı məqsəd də onu diri ələ keçirmək idi. Məqsəd öldürmək olsa idi, bu əməliyyatı daha tez və asan həyata keçirmək olardı. Bin Ladenin həbs edilmiş olmasını açıqlamaq isə onu daha da qəhrəmanlaşdıra bilərdi (Maraqlıdır ki, ABŞ 15 ildən çoxdur Yaxın Şərqdə müharibə aparır, ancaq onun ordusundan bir nəfər də dünya gündəmində qəhrəmanlaşmamışdır).
Gəlin, verilən informasiyaları izləyək. İlk verilən məlumatlarda deyilir və fotoda da göstərilirdi ki, Bin Laden sol gözündən vurularaq öldürülmüşdür. Sonrakı məlumatlarda isə onun çiynindən də vurulduğu deyildi. Daha sonra, meyitin fotolarının qorxunc olması arqumenti ilə onun başqa şəkillərini göstərmədilər. Halbuki, həmin evdə öldürüldüyü söylənən insanların qan içində üzən, daha qorxunc fotolarını internetə qoydular. Əgər ölmüş Bin Ladenin fotolarının yayılmasının duyğulara təsir etməyindən qorxulur(du)sa, onda ən qorxunc fotonu nə üçün yaydılar? Sol gözündən bircə güllə ilə vurularaq öldürülmüş adamın başqa şəkillərində qorxunc olan daha nə idi? Üstəlik “Euronews” Bin Ladenin göstərilən bu son şəklinin fotoşop olmasını irəli sürdü. Bu fotoşopun müəllifi “Euronews” idisə, bu foto dünya informasiya məkanının 80%-nə nəzarət edən ABŞ-ın icazəsi olmadan efirə necə çıxa bildi? Bin Ladenin 12 yaşlı qızı isə öncə atasının evdə, yataq otağında öldürüldüyünü, daha sonra isə əsir tutularaq, çölə aparıldığı, orada güllələndiyini söyləmişdi. Bir sözlə, bir yığın şübhəli və ziddiyyətli informasiya…

Mənim öz versiyam var. Mənə Bin Ladenin əsir götürülmüş olması daha ağlabatan görünür. Məqsəd ondan təşkilatının parolları, hesabları, gizli məkanları, kuryerləri və s. haqqında məlumatların öyrənilməsidir. Bin Ladenin ölməsi üzərinə aparılan təbliğat isə terroristləri arxayınlaşdırmaq üçün hesablanmış dezinformasiyadır: yəni “təşkilati strukturunuzda heç bir dəyişiklik etməyin, arxayın yatın, o, ölüb.”

Əgər versiyam doğrudursa, bundan sonra ABŞ gizlətdiyi Bin Ladendən qoparacağı informasiyalarla antiterror fəaliyyətində xeyli uğurlara imza atacaq. Buna hamımız birlikdə şahid olacağıq. ABŞ hələ o evdən götürülən kağız-kuğuzlar haqqında ümumiyyətlə danışmır. Bundan sonra isə saxta video-müraciətlər, uydurma vəsiyyətlər, fotolar-filanlar açılacaq, Bin Ladeni şərqsayağı ləkələyən “faktlar”, yeni-yeni əməliyyatlar üçün cürbəcür bəhanələr uydurub, “Bin Ladenin villasında tapılmış izlər” kimi təqdim edəcəklər. Yəni bütün bu oyun “Qayda” təşkilatının dağıdılmasına hesablanıb.

İnformasiya blokadasında dezinformasiyalarla yaradılan kütləvi hipnoz

Bədniyyət olmayan Oxucuya aydındır ki, söhbət nə terrorun və terrorçuluğun apologiyasından, nə Bin Ladenin mələkləşdirilməsindən, nə də “bütün dünyaya qarşı kinə çevrilən bir dinin” (prof. P.Sloterdijk) – islamın terrorizm kimi törəmə verməsinin haqlılaşdırılmasından gedir. Söhbət dezinformasiyadan gedir, informasiya blokadasından və kütləvi hipnozdan gedir!

İndi dünyada “terroristdir” qlobal dezinformasiyası bizim “mavidir”, “mtnşikdir”, “fahişədir”, “masondur” kimi yoxlanması və falsifikasiyası mümkün olmayan milli ləkələrimiz kimi iş görür. “Terrorist imiş” dezinformasiyası ilə indi istənilən şəxsi nəinki həbs edə, mediadan gizlədə, təkləyə, məhkəməsini qapalı keçirə, hətta yatdığı yerdəcə güllələyə bilərlər. İndi gecəyarısı istənilən qapıda qara maşın dayana bilər. Türkiyədə qeyri-müəyyən “Ergenekon”çu təqibi gözlərimizin önündədir. Söhbət ondan getmir ki, hadisələrin inkişafı zəruri olaraq mütləq bu sonluğa gedir. Ancaq bu qeyri-müəyyənliyə kor-koranə inam və etirazsızlıq kütləvi hipnoza və olduqca qorxulu tələyə düşdüyümüzü göstərir.

Axı biz terrorizmin diskursundan tamamilə bixəbərik. Məsələn, “Qayda”çıların nə istədiyi, nə dediyi, arqumentasiyaları bizə tamamilə qapalıdır. Sizə elə gəlmirmi ki, bütövlükdə antiamerikanizm “terrorizm” damğası altında informasiya blokadasındadır? Məsələn, neçə nəfər bilir ki, Bin Laden həm də şair idi, bir neçə il qabaq bir neçə şeiri internetə türk dilində sızmışdı.

ABŞ-ın terroristlər üçün yaratdığı xoxan imici Orta əsrlərdə Kilsənin kafirlər və cadugərləri təqibini xatırladır (prof. E-O.Czempiel, 2002-ci il).

Terror necə yaranır?

Opponentin qarşısını təkcə zorakı yolla almaq lazım deyil. Onu sadəcə iqnor et, özünü görməzliyə, eşitməzliyə vur, onu yox say, onunla – o sanki yoxmuşcasına davran, ona hiss etdir ki, onu oxumursan, eşitmirsən, tanımırsan. Və beləliklə, o, özü həvəssiz, alqışsız, diqqətsiz qalıb məhv olub gedəcək (Mao Tse-Dunq).

Terror ədalətsizlikdən yox, həyasızlıqdan doğur. Tənqiddən təhqirə keçidin psixoloji səbəbləri nədirsə, təhqirdən terrora keçidin səbəbləri də təxminən onlardır. Bizim ölkəmizdə də artan acıq və aqressiya, küçə dalaşlarının artımı, qətllərin vəhşiləşməsi, intiharların çoxalması, entuziazmı depressiv ruh düşkünlüyünün əvəz etməsi, üslub kobudlaşması və s. – iqnor edilmək, cavabsızlıq halı, əhəmiyyət verilməməkdən doğur. Bizim tarixi qaçaqçılıq hərəkatı da vaxtilə terrorizm idi. Bu axşam da ac yatmağa çalışan adam televizorda yenə makro-iqtisadi göstəricilərin illik artımından nitq irad edən karı heç olmasa söyməsin neyləsin?!

“Dövlət terroru”?

Dövlət qanunlarla cəzalandırır, terroristlər isə öz qaydaları ilə. Dövlətin qanunlara söykənərək verdiyi cəzanın funksiyalarından biri başqalarının gözünü qorxudaraq çəkindirməkdir. Teraktın  da məqsədlərindən biri dəhşət saçmaq, xof yaratmaqdır.

Dövlət qanunlarla cəzalandırdığı üçün “dövlət terroru” nəzəri baxımdan oksimeron kimi, paradoks kimi səslənir. Ancaq bu, nəzəri baxımdan belədir. Gerçəkdə isə bir sıra böyük dövlətlərin ayrı-ayrı şəxslərə qarşı terakt törətmiş olması və törətməsi çoxlarına bəllidir. Halbuki, dünyada guya interpol, beynəlxalq məhkəmələr fəaliyyət göstərir. Bir sözlə, praktikada “dövlət terroru” var! ABŞ-ın Pakistanda hansısa bir evə silahlı basqın təşkil etməsi, o anda orada olan insanların terrorist olub-olmadığını bilmək də istəmədən gülləbaran etməsi və basqında iştirak edənləri gizlətməsi terakt deyil, bəs nədir?! Lap terrorist olsa belə, silahsız terroristin görüldüyü yerdəcə, hətta yatdığı yerdəcə öldürülməsi dövlət terroru deyil, nədir? “Öz ölkəsinin sərhədləri daxilində özünü müdafiə” edən əfqanlar, iraqlılar hansı əsasla terrorist adlandırılırlar?

Bilərəkdən “zalım ögey ata” imici

Bizim siyasi hakimiyyətimiz də uzun müddətdir ki, Ziya Bünyadovun və Elmar Hüseynovun sifarişli qətllərində şübhə altındadır. Görəsən, nə üçün bizim hakimiyyət bu qətllərin sifarişçilərini və icraçılarını həbs edə bilməsə də, heç olmasa bu işdə özünün əli olmadığını biryolluq və qəti olaraq sübut etməyə heç cəhd də etmir? Yəni o, bu şübhələri nəinki aradan qaldırmır, hətta sanki özü bilərək ləng tərpənir. Çünki əgər terrorun bir məqsədi – kimisə fiziki olaraq məhv etməkdirsə, digər məqsədi – başqalarının gözünü qorxudub çəkindirmək, böyük kütlələri xof altında saxlamaqdır. Buna görə də, bu qətllərdə hakimiyyətdən heç kimin iştirakı olmamışsa da, ancaq onlar bu qətllərdən ustalıqla siyasi divident götürürlər. Çünki hesab edirlər ki, tənqidçilərə qarşı “zalım ögey ata” imici onlara daha sərfəlidir, nəinki “həlim doğma ana”.

Məsələn, kimsə hansısa yazısını yazarkən heç bir qanunu pozmadığı üçün təbii olaraq qanunlardan qorxmadığı halda, kimlərinsə onu tamam başqa qaydalarla, qüvvədə olan qanunlardan kənar, yəni məhkəməsiz cəzalandırmasından, hətta öldürülməsindən qorxub yazmırsa və yaxud yazdığını çapa göndərmirsə, deməli, o, artıq terrorizə edilir.

P.S. Bu yazını 8 May 2011-ci il tarixində yazıb qurtarmışam. Ancaq ironikdir ki, hələlik adlarını burada vermək istəmədiyim, ən demokratik imiclərə bürünmüş, xeyli sayda media rəhbərləri bu yazını çap etməkdən və saytlarına yerləşdirməkdən imtina etdilər. Sizcə bunun səbəbi nədir?

“Xural” qəzeti,

İl: 9, sayı: 020 (428), 22 may-04 iyun 2011-ci il

Advertisements

Bir Cavab to “Həyasızlıqdan terrora”

  1. polyglot Says:

    super yazi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: