Archive for İ

Bir foto…

Yanvar 31, 2011

Mənasız adamın çəkdiyim bir fotosu Lenta.ru-da çıxıb. Oturub indi pulunu gözləyirəm… Gələcək pula Masazır bəyannaməsinin müzakirəsi üçün xərcləməyi düşünürəm. Çünki bu bəyannaməni səmimi insanlar qəbul edib.

Advertisements

Aqşin Yenisey. Şahin Ağabəyliyə ithaf

Yanvar 30, 2011

Tanrılar dizinə döyür, yolur saçını mələklər
At əvəzi it oynadır küçədə kefli küləklər
Boş-boşuna cırıldayır, yellənir boş yelləncəklər
Səbəb: gedənlər getdilər, bir daha dönməyəcəklər

İldırım yumruqtək dəyir, gecənin yırtıq köksünə
Bir vaxt ərşə çəkilənlər qayıdırlar yer üzünə
Doğmalıqlar yoxa çıxıb, hamı ögeydir özünə
Vurnuxur qorxu içində yalqızlar, tənhalar, təklər
Səbəb: gedənlər getdilər, bir daha dönməyəcəklər

Zühurlar…qiyamətlər…qeybolmalar… fanilər…
Qarışıb bir-birinə əbədilər, anilər
Qurbanlar caniyə dönüb, qurban olub canilər
Zalım olub mərhəmətlər, köməksiz qalıb köməklər
Səbəb: gedənlər getdilər, bir daha dönməyəcəklər

Açılıb sirlərin üstü, quma dönüb nə ki daşmış
Nə gələn varmış, nə gedən! Qəbirlərin içi boşmuş
Dünya ər-arvad dünyası – sevgiləri əldən düşmüş
Cocuğu yerdə iməklər, Tanrısı göydə iməklər
Səbəb: gedənlər getdilər, bir daha dönməyəcəklər

Günəş içində gəzdirir ən əbədi qaranlığı
O taydan bir quzu səsi titrədir boz dumanlığı
Bu səs – itkinlik fəryadı, həm tapılmaq gümanlığı
Hardasa bir ac canavar şöngüyüb qismətin bəklər
Səbəb: gedənlər getdilər, bir daha dönməyəcəklər

Nəhəng bir dağ da laxladı, aşdı göydə tozu qaldı
Qayalarının altında zirvə adlı arzu qaldı
Dünyanın qanı qurudu, nə qurd, nə də quzu qaldı
Qarışqalarda əzildi. Sındı ən kiçik dirəklər
Səbəb: gedənlər getdilər, bir daha dönməyəcəklər.

Qıjılar: 3

Yanvar 29, 2011

Qədim ölkəmizdə yeni növ QIJIlar tapılıb. Deməli bu qıjılar Azərbaycanda, ölkədə baş verənlər haqqında bircə cümlə, kəlmə danışmaq cəsarətində deyillər. Onlar üçün peysər kimi susmaq və yaşamaq hər şeydən üstündür. Amma söhbət, mövzu xarici ölkə baş verənlərdən düşdüsə iş bitdi. Şirə, aslana dönəcəklər! Qıjılar elə danışacaqlar ki, adam lap heyrətlənəcək. Özü də bu qıjıkimilər xarici mövzularda danışıb, adama belə deyirlər…Sən bilməzsən: “Orda başqa məsələlər var, sən bilməzsən!”

Heç olmasa xaricdə baş verənlərdən danışan qıjıkimilər var. Bu qıjıkimilər həqiqəti danışmağı bacarmayan ofis sürünənlərdən yaxşıdır. O ofislərdə sürünənlər var ha… Onlar başqa tiplərdir. (İngilisdilli ofis sürünənlər üçün bir geniş yazı yazacam!)

Benjamin Franklin qardaşı Niyaməddin Musayev yaxşı deyib, qürbətdə xan olmaqdansa, vətəndə peysər olmaq yaxşıdır!

36 manatlıq kitab aldım…

Yanvar 29, 2011

Bu həftə kitablara 36 manat pul vermişəm. Professor Həsən Quliyevin Arxetipik azərilər: mentalitetin simaları kitabını aldım. Bu maraqlı kitabı qismən oxumuşam.  Sonra yazıçı Stefan Sveyqin JOZEF FUŞE SİYASİ XADİMİN PORTRETİ kitabını aldım. Cek Londonun Marten İden əsərini də bir dostum üçün bir hədiyyə aldım. İnglis dilinin təkminləşməsi üçünsə bir kitab aldım.

Bu və digər kitabları mütamadi oxuyuram. Bilirəm ki, oxuduğum kitablar mütləq və mütləq mənə yardımçı olacaq. Bu gündə olmasa, sabah mütləq olacaq!

Ağ şey haqqında…

Yanvar 28, 2011

Bir nəfər gedir Rusiyadan qız alır gətirir öz kəndinə… Kəndə də səhər ŞOR yeyirlər, axşam Şor yeyirlər. Səhər ŞOR yeyirlər, axşam Şor yeyirlər. Bütün günü Şor, şor, şor…
Rus qız axırda bezir. Deyir ki, mən çıxıb gedirəm… Amma o ağ şey nədirsə hamıvuzun axırına çıxacaq!

***

30 ildir Misirdə rüşvət, korrupsiya baş alıb gedir. Səhərdən axşama kimi rüşvət, rüşvət, rüşvət… Misir xalqı küçələrdən evə yığışsa belə deyəcək: Biz çıxıb gedirik, amma o şey sizin axırınıza çıxacaq!

Niyə Twitter?

Yanvar 28, 2011

Twitter möhtəşəm bir şeydir.  Bir hadisəylə bağlı ən geniş, ən dolğun, ən maraqlı, ən həyəcanlı, ən fərqli xəbərləri məhz Twitterdən almaq mümkündür. Düşünməyin ki, Twitter çətindir. Bu belə deyil… Twitter Facebookdan, YahooNews, GoogleNewsdan daha sadə və başadüşüləndir.

Twitterdə qeydiyyatdan keçmək cəmi 1 dəqiqə çəkir. Qeydiyyatdan keçin. Bir mövzuyla bağlı məlumatlar almaq istəyirsinizsə sadəcə SEARCH (AXTARIŞ) yerinə axtardığınız sözü ingliscə yazın. İstədiyiniz mövzuyla bağlı xırda- xırda informasiyalar sizə çatacaq. Xəbərləri Twitt (paylaşanlar) edənlər sadə ingliscə yazırlar. Bunu da hamı başa düşür!

Agentliklərdən, televiziya kanallarından daha sürətli xəbər verir Twitter. Daha dəqiq xəbər verir Twitter!

Bəzən Twitterdən şikayət edirlər ki, heç nə başa düşmürük. Twitterdə FOLLOW (İzləmək kimisə) adlı bir xüsusiyyət var.  Məsələn mən  dünyanın aparıcı agentliklərini izləyirəm. Onlar da tez-tez, xırda- xırda informasiyalar yayırlar. İnsanlar da belə edir…

Məsələn1 hansısa bir agentlik və ya TV xəbərləri öz maraqlarına uyğun yönləndə bilər… Amma Twitter buna icazə vermir. Twitter bir növ xəbəri 6-7 mənbədən insanlara çatdırır. Məsələn2 Bir bina yanırsa… Yanğın söndürən də twitt edir, zərərçəkən də, polis də, jurnalist də, hadisə şahidi də. Daha xəbər bir mənbədən, bir kanalda gəlmir. Müxtəlif mənbələrin verdiyi xəbər həqiqətin üzə çıxmasına daha yaxşı yardımçı olur.

Twitterin daha bir üstünlüyü var ki, xəbər mənbəsi tam məhdudlaşdırıla, susdurula bilmir. Bir mənbə ehtiyat edib, xəbəri yaymırsa başqa- başqa mənbələr twittlərə davam edirlər. Bir hadisə barədə də 300-400 Twitt olursa bunun qarşısını almaq, məhdudlaşdırmaq mümkünsüz olur!

Tamam, gəlin Twitterə. Gözləyirəm…

Misirdən video görüntülər…

Yanvar 28, 2011

Dünyanı niyə öyrənməliyik?

Yanvar 26, 2011

20 Yanvar tarixində Çində, Tiananmen meydanında bir nəfərin (Tank man adıyla tanınan gənc) qürurla tankların qabağını kəsməsi barədə yazmışdım. Dünya fırlanır. Günəşin altında yeni heç bir şey yoxdur! Yunanlar demiş… Ən yeni yaddan çıxmış köhnədir. İndi də Misirdə etiraz aksiyaları başlayıb.

Tiananmen meydanında tankın qarşısında duran bir gəncin hərəkətləri indi də Misirdə təkrarlanır:

Qədim kitablarda yaxşı yazıblar:  Hər işdə bir ibrət var! Bu da misirlilərin çinlilərdən aldığı ibrət!

Mən niyə yazmırdım?

Yanvar 26, 2011

Blog yazmadığım gülərdə bir daha düşündüm və qərara gəldim ki, Azərbaycanda azad və ədalətli məhkəmə sistemi ola bilməz. Əgər olasa o zaman bizlər -bir az haqqını, hüququnu bilən insanlar- milyonçu olarıq. 3-4 gündür bizim evdə sürətli internet xətti işləmir. Şirkətlə bağladığım müqavilənin bitməsinə hələ çox var. Amma bizim evdə internet yoxdur. Şirkətlə bu barədə danışmışam, ciddi bir şey demirlər! Mən şirkətə ödədiyim pulun müqabilində bir ay müddətində sürətli internetdən istifadə etmək hüququna malikəm! Amma internet yoxdur! Mən əminəm ki, məndə olan kompyuterdə, mademdə heç bir texniki problem yoxdur! Amma nə etməli?

Əgər Azərbaycanda azad məhkəmə olsaydı… Mən internet şirkətini müqavilədə göstərdiyi xidmətləri tam keyfiyyətli icra etmədiyinə görə məhkəməyə verərdim. Qalib gələrdim!

Ölkəni çoxdan satdılar…

Yanvar 22, 2011

Maşını olan dostlara zəng etmək…

Yanvar 20, 2011

Mən maşını olan dostlarıma zəng edəndə it zülmü çəkirəm. Həqiqətən də bu mənim üçün cəhənnəm əzabıdır! Dostlar elə bilirlər ki, mən onlara harasa getmək üçün zəng edirəm! Bu mənim yaşadığım ən pis hissdir! Amma nə etmək olar?

Hrant Dink məsələsi barədə…

Yanvar 19, 2011

Kimliyindən, dinindən, siyasi baxışlarından aslı olaraq jurnalistlərin öldürülməsi yolverilməz. Ümumiyyətlə söz, fikir adamları öldürülməməlidir. Biz XXI əsrdə yaşayırıq. Jurnalistlər, söz adamları həqiqət axtarışındadırlar. Bu axtarışlarda səhv də ola bilər, düz də. Və buna görə də jurnalisti həbs etmək, döymək, öldürmək olmaz!

İmkan yaratmaq lazımdır ki, hər kəs özünü ifadə etsin!

Həbs etmək, döymək, öldürmək acizlik, zəiflik göstəricisidir.

Hrant Dink milliyətcə erməni ola bilər. Həqiqətin isə heç bir milliyəti yoxdur. Həqiqətin milliyəti həqiqətdir. Həqiqəti erməni də, əfqan da, türk də dilə gətirə bilər! Buna görə də insanı öldürməzlər.  Hrant Dink də həqiqət axtarışında idi… Amma öldürüldü.

Bir neçə gün öncə Tunisdə fransalı -Lucas Mebrouk Dolega- fotoreportyor iş başında həlak oldu. Aksiyalar zamanı atılan daş onun ölümünə səbəb oldu.  Mən onun üçün də təəssüf keçirirəm! Hrant Dink üçün də!

20 Yanvar: Bayramınız mübarək!

Yanvar 19, 2011

Qaramat kütlə heç zaman 20 yanvarda ölənləri qürurla ana bilməyəcək! Qaramat üçün xeyli saxta bayram var. Buna görə də 20 yanvarı faciələşdirmək, faciə kimi qələmə vermək labüddür! Yas bu xalqın genindədir! Məntiqlə xalq İmam Hüseyn kimi adama ağlayırlarsa, 20 yanvarda həlak olanlara ağlamalıdı.

Xalq var ki, axıdılan qandan özü üçün qürur yaradır. Xalq da var ki, axıdılan qandan özü üçün yas yaradır. Biz ikinci xalqıq! Görəsən nə zaman “Torpaq, uğrunda ölən varsa vətəndir” sözünü xatırlayıb, sevinəcəyik?

Çində, Tiananmen meydanında bir nəfərin qürurla tankların qabağını kəsməsini indi bütün dünya xatırlayırlar. Məncə bizim də belə qürur dərslərinə ehtiyacımız var.

Bütün dostları 20 yanvar münasibətilə təbrik edirəm! Eyni qorxmazlığı və fədakarlığı nümayiş etdirməyimizi diləyirəm!

Bayramınız mübarək!

Etibar üçün…

Yanvar 17, 2011

Mənim qohumlarıma xüsusi sevgim yoxdur. Onlarla çox danışa, müzakirə edə bilmərəm. Çünki boz adamlardılar. Səmimiləri çıxmaq şərtiylə… Qohumlarımın yaxın, uzaqlığı mənim üçün fərq etmir. Mənim qohumlarımda tipik azərbaycanlılardılar. Başlarını aşağı salıb yaşayırlar, adam yanında, məclislərdə özlərini ağıllı göstəririlər. Amma qandıqları bir qrafa yoxdur. Bu adamlardansa Yunanıstandakı aksiyalar zamanı polislərə hürən Loukanikos (Kolbasa) adlı sarı it daha maraqlı və sevimlidir.

Kütlə hər zaman boz və kütdür. Mən sevinirəm ki, bu kütləşmə ərəfəsində mənim qohumlarımdan birisi –Etibar–  azad fərd ola bilib! Və indi biz eyni dəyərlər, eyni maraqlar, eyni düşüncə üçün birgə addımlayırıq! Ən çətini azad düşünməkdir! Etibar da bunu bacarır. Əsas məsələ də budur!

Mənim vətəndaşlıq borcum!

Yanvar 16, 2011

1-2 gündür özümü pis hiss edirəm. Səbəbini indi bildim. Polis tərəfindən döyülərək öldürülən Elvin Əsgərovla bağlı baş verənləri qəbul edə bilmirəm! Azərbaycanda axmaq bir deyim var: Günah öləndədir! Söz- söhbət gəzir ki, ölən Elvin Əsgərov hadisə baş verən zaman içkili olub və polislərdən bir neçəsini bıçaqlayıb. Bu barədə sadəcə söz söhbət var, fakt isə yoxdur! Gördüyüm vəhşicəsinə döyülərək, öləndürülən Elvin Əsgərovun fotosudur. Foto heç kimi heç zaman aldatmır. Fotodan görünür ki, vətəndaş necə qəddarlıqla döyülüb. Mən ən ağır qətl törədən qatilə qarşı belə zorakılıq edilməsinə qarşıyam! Hər kəs qanunla mühakimə edilməlidir! Adi insan hüququ, qanun olmayana kimi belə davam edəcək. Polis öz bildiyini qanun biləcək və bildiyini edəcək!

Sizi bilmirəm… Amma mən belə şərəfsizliyə, alçaqlığa göz yuman deyiləm!


%d bloqqer bunu bəyənir: