“Çeşmədən seçmələr” kitabının önsözü

ADAM AZADLIĞI

Əkrəm Əylisli

Söz azadlığının fısqırıq fontan vurduğu bu məzəli zəmanəmizdə -günlərin bir günü- “Çeşmə” qəzetinin bir- iki nömrəsi əlimə keçdi və bu dünyanın havasında oksigenin miqdarı elə həmişəki qədərində olsa da, o qəzetləri oxuya- oxuya birdən- birə mənə elə gəldi ki, əməlli- başlı nəfəs alıram. Çünki söz azadlığı öz yerində, mənim o gün oxuduğum o yazılarda nəsə adam azadlığına oxşayan bir şey də var idi. Və o gün qəzetləri oxuya- oxuya mənim o təhər rahat nəfəs almağımın səbəbi də yəqin ki, ADAM AZADLIĞI deyilən o şeyin insanın nəfəs orqanlarına göstərdiyi müsbət təsirin real nəticəsiydi.

Demirəm ki, söz azadlığı pis şeydir. Amma adam azad olanda qəşəng olur, oxucu!

Azad adamın üzündə üz olur, gözündə göz olur, sözü də düz olur – bunu atalar deməyib, mən deyirəm, özü də birbaşa “Çeşmə” deyilən bu qəzeti yoğurub- yapanların ünvanına deyirəm, çünki “Çeşmə”nin hələ vur-tut bir-iki nömrəsini oxuduğum o gündən bəri mən belə qəti qənaətə gəlmişəm ki, onun başında yığışanlar kişi adamlardır, yəni azad adamlardır. Hətta o dərəcəsində ki, elə bil bu adamlar sovet məktəbində dərs almayıb;  hələ direktoru, “zavuçu”, pioner baş dəstə rəhbəri bir yana dursun, sanki o məktəbdə heç sinif rəhbəri də yerli- dibli olmayıb; ya da bu “çeşməçi” zalım uşağının başında elə anadangəlmə tük- zad bitməyib və o tük bir balaca uzananda onu (tükü) bir sinif kimi ləğv etməyi qarşısında məqsəd qoyan həmin o sinif rəhbəri bu niyyətlə çağırılan valideyn iclasında sanki bu “çeşməçi” zalım uşağının ata- anasının sir- sifətini xoruz pipiyinə döndərməyib və o tarixi iclasdan düz bir gün sonra o məktəbdə, o mübariz sinif rəhbərinin qabağında (qızlardan utana- utana) başıqırxıq oturan da sanki bu “çeşməçilər” yox, şəxsən mən özüm olmuşam. (Başa düşdümsə kopoyoğluyam – T.Q)

Ancaq elə bilməyin ki, bu “çeşməçi” zalım uşağı elə əslində məktəb qapısı açmayıb, müəllim üzü görməyib. Nizami institutunun bir qrup elmi əməkdaşının hələ aparmadığı tədqiqatlara görə, bu adamların içində şəxsən Bəhlul Danəndənin şagirdləri, Molla Nəsrəddin yetirmələri, hətta Mirzə Cəlilə və Sabirə qan qohumluğu çatan bir- iki nəfər keçmiş başıqırxıq, sovet məktəblisi də var.  İndi gördünmü, oxucu, adam azadlığının mehi hansı uca dağlardan əsib gəlir?!

“Çeşmə”nin də mehi ordandır!

O bizi möhkəm dolayanda biz də ondan incimirik, çünki azad, yəni kişi adamın lap söyüşü də kölənin, nakişinin tərifindən xoşdur, şirindir, şərəflidir. Çünki kişi olmayan adamın azad olmağı da elə bir növ azad olmayan adamın kişi olmağı qədərində müşkül məsələdir.

YAŞASIN ADAM AZADLIĞI!

Çeşmədən Seçmələr kitabının üzqabığı

Çeşmədən Seçmələr kitabının üzqabığı.(1993)

Advertisements

Bir Cavab to ““Çeşmədən seçmələr” kitabının önsözü”

  1. Anar Says:

    Başa düşmədiyin hissədə əgər metafora yoxdusa, onda söhbət şagirdin saçına olan tələbdən gedir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: