Archive for İ

Turqut Ərin pornoqrafiyası

Noyabr 30, 2010

«Azadlıqdan Tiranlığa: sanki Stalin və Beriya xortlamışdı» kitabının müəllifi diplomat Turqut Ər. Foto: Hurhaber.com

Uzun müddət Azərbaycandakı Türkiyə səfirliyində çalışan diplomat Turqut Ərin yazdığı «Azadlıqdan Tiranlığa: sanki Stalin və Beriya xortlamışdı» adlı kitabı ətrafında söz- söhbət, qalmaqal böyüyür. Sosial şəbəkələrə, xəbər saytlarına, forumlara baxanda bu kitabla bağlı məlumatlar, yazılar, şərhlər adamın üstünə gəlir. Kitab ətrafında geniş müzakirələr gedir. Kimi kitabı tərifləriyir, kimi tənqid edir.
Yerli televiziyalarda da türkiyəli diplomat Turqut Ərlə və onun yazdığı kitabla bağlı sərt tənqidi sujetlər bir neçə dəfə efirə verilib. Televiziyadakı sujetlərdə diplomatın yazdığı kitabdan sonra diplomatın ƏR və yaxud AR olması fikri də səslənib. Başqa bir telekanal isə müəllifi “Sərsəm diplomat” adlandırıb.
Kitaba marağı yerli telekanallar tənqidi süjetlərlə dəfələrlə artırıblar.
Hər kəs bilir ki, ən yaxşı reklam antireklamdır. Antireklam reklamdan daha çox effekli və səmərəlidir. Televiziyada kitabı tənqid etməklə kitabı geniş oxucu auditoriyasına çatdırmaqdan yaxşı nə ola bilər ki?
Azərbaycanda bir yerli kanalın gizli kamerayla çəkilmiş pornogörüntüləri günün günortaçağı efirə anons edib vermək kimi bir analoqu olmayan təcrübəsi var. Dünyada ilk dəfə tətbiq edilən bu təcrübədən başqa televiziya kanallarımız nədən Turqut Ərə qarşı istifadə etmədilər? Turqut Ərin pornoqrafiyası tapıb (və yaxud çəkib) efirə verərdilər. Əgər belə etsəydilər Turqut Ərin də məsələsinə son qoyulardı… Onun da kitabı bağlanardı, diplomatın 40 illik kariyerasına da son qoyulardı. Biz də başımızı aşağı salıb, rahat yaşayardıq.
Həgif ala… Yaman şans idi… Televiziyalar bu cür şansı əldən qaçırtdılar… Kim bilir belə şans bir də nə vaxt ələ düşəcək. Stalin və Beriya xortlasa da artıq gecdir.

Julian Assange: Dünyanın niyə WikiLeaks’a ehtiyacı var? (Video)

Noyabr 29, 2010

Marten İden (türkçə)

Noyabr 28, 2010

Marten İden Cek Londonun ən güclü romanlarından birisidir. Bu romanı oxumayanlar həqiqətən də çox şey itiriblər.  Dünya Ədəbiyyatında oxunası  30-40 kitab varsa o kitablardan birisi də məhz bu əsərdir. Bu kitabı ancaq və ancaq oxumaq lazımdır. Mən kitabda nədən bəhs edilməsini yazmıram. Amma çalışın mütləq oxuyun.

Mən bu əsəri 2 dəfə oxumuşam.  Birinci dəfə 2 günə, ikinci dəfə isə bir həftəyə oxuyub, tamamlamışam. Siz də mütləq oxuyun.

Linki aşağıdan yükləyə bilərsiz:

Jack London – Martin Eden

“Çeşmədən seçmələr” kitabının önsözü

Noyabr 27, 2010

ADAM AZADLIĞI

Əkrəm Əylisli

Söz azadlığının fısqırıq fontan vurduğu bu məzəli zəmanəmizdə -günlərin bir günü- “Çeşmə” qəzetinin bir- iki nömrəsi əlimə keçdi və bu dünyanın havasında oksigenin miqdarı elə həmişəki qədərində olsa da, o qəzetləri oxuya- oxuya birdən- birə mənə elə gəldi ki, əməlli- başlı nəfəs alıram. Çünki söz azadlığı öz yerində, mənim o gün oxuduğum o yazılarda nəsə adam azadlığına oxşayan bir şey də var idi. Və o gün qəzetləri oxuya- oxuya mənim o təhər rahat nəfəs almağımın səbəbi də yəqin ki, ADAM AZADLIĞI deyilən o şeyin insanın nəfəs orqanlarına göstərdiyi müsbət təsirin real nəticəsiydi.

Demirəm ki, söz azadlığı pis şeydir. Amma adam azad olanda qəşəng olur, oxucu!

Azad adamın üzündə üz olur, gözündə göz olur, sözü də düz olur – bunu atalar deməyib, mən deyirəm, özü də birbaşa “Çeşmə” deyilən bu qəzeti yoğurub- yapanların ünvanına deyirəm, çünki “Çeşmə”nin hələ vur-tut bir-iki nömrəsini oxuduğum o gündən bəri mən belə qəti qənaətə gəlmişəm ki, onun başında yığışanlar kişi adamlardır, yəni azad adamlardır. Hətta o dərəcəsində ki, elə bil bu adamlar sovet məktəbində dərs almayıb;  hələ direktoru, “zavuçu”, pioner baş dəstə rəhbəri bir yana dursun, sanki o məktəbdə heç sinif rəhbəri də yerli- dibli olmayıb; ya da bu “çeşməçi” zalım uşağının başında elə anadangəlmə tük- zad bitməyib və o tük bir balaca uzananda onu (tükü) bir sinif kimi ləğv etməyi qarşısında məqsəd qoyan həmin o sinif rəhbəri bu niyyətlə çağırılan valideyn iclasında sanki bu “çeşməçi” zalım uşağının ata- anasının sir- sifətini xoruz pipiyinə döndərməyib və o tarixi iclasdan düz bir gün sonra o məktəbdə, o mübariz sinif rəhbərinin qabağında (qızlardan utana- utana) başıqırxıq oturan da sanki bu “çeşməçilər” yox, şəxsən mən özüm olmuşam. (Başa düşdümsə kopoyoğluyam – T.Q)

Ancaq elə bilməyin ki, bu “çeşməçi” zalım uşağı elə əslində məktəb qapısı açmayıb, müəllim üzü görməyib. Nizami institutunun bir qrup elmi əməkdaşının hələ aparmadığı tədqiqatlara görə, bu adamların içində şəxsən Bəhlul Danəndənin şagirdləri, Molla Nəsrəddin yetirmələri, hətta Mirzə Cəlilə və Sabirə qan qohumluğu çatan bir- iki nəfər keçmiş başıqırxıq, sovet məktəblisi də var.  İndi gördünmü, oxucu, adam azadlığının mehi hansı uca dağlardan əsib gəlir?!

“Çeşmə”nin də mehi ordandır!

O bizi möhkəm dolayanda biz də ondan incimirik, çünki azad, yəni kişi adamın lap söyüşü də kölənin, nakişinin tərifindən xoşdur, şirindir, şərəflidir. Çünki kişi olmayan adamın azad olmağı da elə bir növ azad olmayan adamın kişi olmağı qədərində müşkül məsələdir.

YAŞASIN ADAM AZADLIĞI!

Çeşmədən Seçmələr kitabının üzqabığı

Çeşmədən Seçmələr kitabının üzqabığı.(1993)

Mən McDonalds’a niyə getmirəm?

Noyabr 26, 2010
McDonalds. Bakı. Nizami küçəsi. Mənbə: Azer.com

McDonalds. Bakı. Nizami küçəsi. Mənbə: Azer.com

McDonalds Azərbaycanda ən saxta adamların toplaşdığı məkandır. Bakının ən mənasız, axmaq adamları qəstum- pencək geyib, duxulanıb, McDonaldsa gedən varlıqlardır. Zövqsüz bakılılar McDonaldsı elit məkan hesab edirlər. 18 yaşlı muğamata qulaq asan varlı qoca gənclər öz arvadlarıyla tez-tez McDonaldsda görüşüb, Eminemin replərinə qulaq asa- asa yemək yeyib, kola içirlər.

McDonalds’ın tualeti daha keyfiyyətlidir nəinki  ora gələn varlıqlar.  Nizami metrosu tərəfdə peraşki butkasından peraşki alıb yeyən insanlar daha səmimidir, daha təmizdir, daha safdır.

McDonaldsda Mig mac menyunu gözünə təpən, kofesindən içib, ketçupunu evinə daşayan varlıqlar hər zaman qərbi, qərb dəyərlərini söyüblər. Hər zaman Sandwich, cheeseburgeri gözünə soxanlar dolmadan, aşdan, bozbaşdan söhbət düşəndə mentalitet antivirusu işə salıblar.

Qərb ölkələrində BOMJlar, dilənçilər və sadə kasıblar McDonaldsda qidalanırlar. Amma Azərbaycanda McDonaldsa ən zəngin, ən varlı, özünü elita hesab edən varlıqlar uzunburun ayaqqabılar geyinib gəlirlər.

Bu geridəqalmış balqabaqbaşlar özlərini McDonaldsda müasir, səviyyəli hesab edirlər. Amma bu belə deyil axı… McDonaldsa gedib gəlmək müasirlik göstəricisi deyil.

Çeşmə qəzeti barədə…

Noyabr 25, 2010

Xırda qeyd

Azərbaycan müstəqillik qazandığı illər idi. O zaman Azərbaycanda ciddi, həzm edilməyən qəzetlər çap edilirdi. Azadlıq, Günaydın, Səs, Hüriyyət və başqaları. Çətin həzm edilən qəzetlərin yanında bir də “Çeşmə” adlı qəzet var idi. O zaman xalq prosesləri, siyasi adamları çətin anlayırdı, gec başa düşürdü.  Çeşməçilər isə bir xırda yazıyla siyasətçinin bütün mahiyyətini tam açır, insanlara göstərirdilər. Çeşmə qəzeti çox sərt, tənqidi yazılarıya demək olaraq ki, bütün qəzetlərdən fərqlənirdi. Hətta qəzet səhifəsində şərəfli söyüşə də rast gəlmək olurdu. Çeşməçilər adamın anasını elə söyürdülər ki, adam da ləzzət edirdi. Məncə Çeşmə qəzetinin kollektivi azad sözdən, azad düşüncədən, demokratiyadan ən çox istifadə edən ilk və sonuncular oldular.

“Çeşmə” avtoritet tanımayan qəzet idi. Bunu başa düşən və bəyənməyən Heydər Əliyev o zaman qəzetin əməkdaşlarını həbs etdirdi, didərgin saldırdı, qəzeti bağlatdırdı. Azad söz ətrafında bir qorxu, hürkü yaratmağa çalışdı. Azad sözə hücümların əsası qoyuldu. Qəzet bağlandı. Bacardıqca qəzetin bütün nüxsələri tapılıb məhv edildi. 1993-cü ildə çap edilən “Çeşmədən Seçmələr” kitabı belə qadağan edilmiş kitab elan edildi…

Məncə azad sözə, azad cəmiyyətə, azad insanlara xidmət edən qəzet qalsaydı indiki Azərbaycanın vəziyyəti belə olmazdı.

Ardı olsun?

Uşaqlar üçün cizgi filmi… Sovetlər Birliyi

Noyabr 24, 2010

Los Angelesdən uçarkən…

Noyabr 24, 2010

Gələcəkdə çap ediləcək “Amerika Gündəlikləri” adlı kitab üçün qeyd

Los Angeles əsil dəlixanadır… Çoxlu maraqlı, görməli, gəzməli yerləri olduğu üçün hər ay milyonlarla turist Los Angelesə gəlir. Amma bu görməli, maraqlı yerlərin çox azının tarixi keçmişi var. Los Angelesdə qədim bir şey axtarmağa dəyməz. Axtarılsa da çox çətinliklədə tapmaq mümkündür. İnsanların yaratdığı maraqlı məkanlar daha çoxdur.

Los Angelesi bir az da maraqlı edən, oranı qafqazlaşdıran yerli ermənilərdir. Los Angelesə qısa olaraq “L.A” deyirlər. Los Angelesdə tanıdığım bir erməni isə deyirdi ki, bura Los Angeles yox, Los Armeniosdur. Los Angelesdə erməni Ermənistandakı ermənilərdən çoxdur. Mən küçədə, avtobusda, azərbaycanca danışanda bir də görürdüm kimsə çevrilib mənə baxır. Baxışlardan, sakit gülüşdən və tipindən anlayırdım ki, adam ermənidir.

Los Angelesdə ingliscə bilməsən də keçinə bilərsən. Əgər rus dilini bilrisənsə tezliklə sənə yardım edəcək bir şəxs mütləq tapılacaq… Bu fotonu isə Los Angelesdən Washingtona uçarkən təyyarədən çəkmişəm. Amerikada böyük şəhərlərin üstündən uçarkən belə mənzərəni görmək mümkündür. Los Angeles dəlixanadır, öz yerində. Amma buranı görən adam heç zaman “Bakı gözəl şəhər, mehriban diyar” deyə bilməz.

Los Angelesin təyyarədən görünüşü. 2010

Bloggerlərlə bağlı çəkdiyim fotolar…

Noyabr 22, 2010

Xarici mediada:

http://www.kavkaz-uzel.ru/articles/177237
http://www.kavkaz-uzel.ru/articles/177218/
http://www.kavkaz-uzel.ru/articles/177185/
http://www.kavkaz-uzel.ru/articles/177275/
http://caucasus.foreignpolicyblogs.com/2010/11/19/second-donkey-blogger-ordered-released-by-azerbaijani-court/
http://caucasus.foreignpolicyblogs.com/2010/11/18/update-on-adnan-hajizade/
http://www.rferl.org/content/Second_Azerbaijani_Donkey_Blogger_Freed/2224778.html

Yerli mediada:
http://www.azadliq.org/content/article/2223389.html
http://www.azadliq.org/content/article/2224446.html
http://www.azadliq.org/content/article/2226064.html
http://www.azadliq.org/content/article/2224176.html

Qorxu və azad edilən bloggerlər…

Noyabr 19, 2010

Bloggerlər həbs ediləndə bir qorxu hissi var idi. Amma bu qorxu hissi tezliklə yox oldu. Həqiqəti müdafiə edənlər hər zaman olduğu kimi bu dəfə də tapıldı. Bu dəfə həqiqəti müdafiə edənlər daha çox oldu. Heç tanımadığımız gənclər, insanlar qorxunun üstünə gedib, həbs olunan gəncləri müdafiə etdilər. Onların həqiqətən saxta ittihamla həbs edildiklərini bildirdilər. Bloggerlərin çəkdiyi videosujetləri də xeyli adam qorxmadan paylaşdı, müzakirə edildi. Üsuli- iradənin (rejim, siyasi idarəetmə ciddi sözdür) gəncləri tutmaqla həqiqətən də səhv addım atdığını dəfələrlə üzlərinə çırpdıq.

Artıq bloggerlər azaddırlar. Artıq qorxu geridə qalıb. Bloggerlərin işi həqiqətən də uzun, incə bir yol idi. Azərbaycan gəncləri bu yolu rahatlıqla və əminliklə keçdilər.

Mənə tez-tez deyirlər ki, Eynullanı niyə müdafiə edirsən? Qorxmursan? Mən ədaləti müdafiə edirəm! İndi çoxları Eynulla barədə yazmağa, danışmağa qorxur. Amma ümid edirəm ki, bu qorxu da yaxın günlərdə geridə qalacaq. O zaman bu mövzudan danışmağa, yazmağa cəsarət etməyənlər utanacaqlar. Adını unutduğum bir yazıçı deyirdi ki, qorxu olmayan yerdə hamı qəhrəmandır…

Hikmət Hacızadə barədə…

Noyabr 18, 2010

Adnana görə artıq o da bezmişdi. Hər zaman gördüyümüz Hikmət Hacızadə deyildi. “Yorğun demokrat” kimi tanıdığımız Hikmət bəy Adnanın həbsindən sonra həqiqətən çox yoruldu və qocaldı. Adnan artıq azadlıqdadır.  Ümid edirəm ki, Hikmət bəy biz tanıdığımız, əvvəlki Hikmət Hacızadə olacaq. Hikmət bəy həqiqətən də dünyanın möhtəşəm atalarından birisidir. Lap Homer Simpson kimi…

Blogger Adnan Hacızadənin atası Hikmət Hacızadə məhşur "The Simpsons" qalustukuyla. Foto Turkhan.wodpress.com

Kitab açan ağaclar

Noyabr 17, 2010

Türkiyədə Kocaeli Böyükşəhər Bələdiyyəsi maraqlı bir kitab sərgisi keçirdir. Artıq ikinci ildir ki, bu sərgi keçirilir. Kitab sərgisini maraqlı edən sərgidə satılan kitablarla yanaşı, kitabların daha çox diqqət çəkməsi, təbliği üçün küçələrdə olan ağaclardan yüzlərlə kitabların asılması olub. Səhər- səhər işə, məktəbə tələsən kocaelilər küçədə kitab açan ağacları görüncə isə lap heyrət ediblər. Təşkilatçılar kitab açan ağaclardan kitabları pulsuz- parasız “dərib” aparmağa da icazə verirlər.

Sərginin ikinci hissəsi isə qapalı konfras zalında keçirilir.  “Kağızdan dünyanı kəşf et” şüarıyla keçirilən kitab sərgisinin ikinci hissəsinə isə Türkiyənin tanınmış yazarları da iştirak edir.

Əlavə məlumat üçün: www.kocaelikitapfuari.com

Kitab açan ağac. Kocaeli. Türkiyə

Məkkədə daş qıtlığı…

Noyabr 17, 2010

Məkkə yaxınlığındakı Ərəfat dağında dua edən müsəlman. Noyabr 15. 2010. Foto (AP/ Həsən Əmmar)

Məkkədə şeytana daşatma mərasiminin keçirilməsində xırda problemlər yaranıb. Belə ki, şəhərdə şeytanı daşlamaq üçün daş qıtlığı yaranıb.  Bunu nəzərə alan azərbaycanlı biznesmenlər Azərbaycandan Ərəbistana 100 Kamaz akkord daşları göndərmək qərarına gəliblər. Azərbaycandan göndərilən 100 Kamaz akkord daşları yaranmış qıtlığı aradan qaldıra bilməyib. Bunu da nəzərə alan yerli biznesmenlər Bakıda yerləşən Basin küçəsində evləri qanunsuz sökmək və daşları müqəddəs torpaqlara göndərmək üçün hərəkətə keçiblər.

Yerli biznesmenlərdən birisi deyib ki, əgər bu da problemi həll edə bilməsə İçəri Şəhərin daş döşəməsini söküb, Məkkəyə göndərəcəyik: “Lazım gələrsə, Qız Qalasını da sökə bilərik…”

Həqiqəti təkrar edək…

Noyabr 15, 2010

Ölkədə demokratiya, söz, insan azadlığı yoxdur. Varsa da ciddi şəkildə boğulur, məhv edilir. Buna da səbəb Əliyev idarəetməsidir. Korrupsiyaya da səbəb Əliyevlərin idarəetməsidir! Bəzi şəxslər iddia edir ki, prezident yaxşıdır, ətrafı pisdir. Amma belə bir formul yoxdur. Sizdə Allah yaxşı olub, onun ətrafı (peyğəmbərləri) pis ola bilərmi? Mümkün deyil! Hər şey yuxarıdan, idarəedəndən qaynaqlanır.

İndi Azərbaycanda ədalət, vicdan günəşinin qarşısı zorla tutulub. İndi bizim üçün qaranlıqlar, maneələr, qorxular yaradıblar.  Amma işıqlı sabaha da az qalıb. Bir sabah hər şey tam başqa olacaq… Tam başqa…

Qısa film: Ərəb, yəhudi və nasist

Noyabr 15, 2010


%d bloqqer bunu bəyənir: