Eynullanın məhkəməsində… (Azərbaycan tarixindən bir parça)

Bu gün Səbayel Rayon Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin Bakı Şəhər Prokurorluğuna qarşı iddiası üzrə məhkəməyə hazırlıq iclası keçirilib.
E.Fətullayev təqsirsizlik prezumpsiyasını pozduğuna görə Bakı Şəhər Prokurorluğunun ondan rəsmi şəkildə üzr istəməsini, Bakı Şəhər Prokurorluğundan 1 manat tutaraq Qaradağ Rayon Məhkəməsinin hakimi İsmayıl Xəlilova ödənilməsi barədə qərar verilməsini tələb edir.
Dünənki iclasda E.Fətullayev məhkəməyə və konvoya etirazını bildirdi. Dedi ki, məhkəmə iclası 15:30-a təyin olunsa da, onu səhər saat 9-da məhkəməyə gətiriblər:
– Mən niyə 8 saat ayaq üstə, ac-susuz gözləməliyəm? Mən məhkəməyə hüquqlarımın bərpa olunması üçün müraciət etmişəm. Amma burada da mənim hüquqlarım tapdanır. Deyirlər ki, maşınımız yoxdur. Amma bura saxlanıldığım Bakı İstintaq Təcridxanasından bu gün saat 12 və 1-də iki “voronok” gəlib. Məni bura 9-da gətiriblərsə, prokuroru da 8-də gətirərdilər də. Niyə gətirməyiblər?
Hakim:
– Fətullayev iradınızı dediz.
– Bu irad yox, etirazdır.
– Mən faks yollamışam ki, sizi 15:30-a gətirsinlər. Mən bilməmişəm ki siz burdasınız. Bilsəydim belə heç nə edə bilməzdim.
– Bunun bir adı var, işgəncə. Məhkəmə başlamazdan əvvəl mənə işgəncə verilib.
– Bu məsələ ilə bağlı …

– Bu mənə təzyiqdir ki, Bakı Şəhər Prokurorluğuna qarşı iddiamdan əl çəkim. Bilin ki, mən iddiamdan əl çəkməyəcəyəm. İzahat verirlər ki, maşın yoxdur. Bu mənim problemim deyil. Bəs neftin pulları hara gedir?
– Fətullayev başa düşdüm.

Bundan sonra hakim mətbuat nümayəndələrinin audio, video və fotoçəkilişlər aparmaqla bağlı xahişlərinə münasibət bildirdi. O, texniki vasitələrdən istifadə etməyə icazə vermədi. Halbuki, ötən iclasda E.Həsənov bu məsələyə “no problem” deyə münasibət bildirmişdi.
E.Fətullayevin vəkili İsaxan Aşurov da müvəkkilinin iclasdan 8 saat əvvəl məhkəmə binasına gətirilməsinə etirazını bildirdi:
– Bu otaq bilmirəm əvvəllər nə olub. Amma buranın çox pis aurası var. Xahiş edirəm açın pəncərələri, qapını. Bura işıq düşsün, təmiz hava gəlsin. Konvoylar əmr və təlimatlardan çox rəislərinin göstərişlərinə əməl edirlər. Eynulla Fətullayev 5 addımlıq yolu niyə əli qandallı gətirməlidir? Konstitusiyamızda belədir ki, dövlət vətəndaş üçündür, vətəndaş dövlət üçün deyil. Bunlar elə bilirlər ki, vətəndaş dövlət üçündür. Fətullayev hazırda sizin sərəncamınızdadır. Konvoy kimdir ki, məhkəmənin yanında?
– Biz …
– Necə yəni konvoy hakimin göstərişlərinə əməl edə bilməz? Harda yazılıb bu? Sizdən xahiş edirəm ki, Fətullayevi dəmir barmaqlıq arxasında çıxarıb bizim yanımızda əyləşdirin. Qaradağ və Apelyasiya məhkəmələrində Eynulla Fətullayev yanımızda əyləşdirilib. O vəkilləri ilə yanaşı oturub.
Bu yerdə hakim bütün zalın gülüşünə səbəb olan sual verdi:
– Fətullayevin özü istəyir bunu?
Bundan sonra isə məhkəmə nəzarətçilərinə E.Fətullayevin vəkillərinin yanında oturmasına şərait yaratmalarına göstəriş verdi. E.Fətullayev hakimə Zakir Qaralovun vaxtilə verdiyi və onun təqsirsizlik prezumpsiyasını pozan açıqlamasını təqdim etdi. Qeyd edək ki, Avropa Məhkəməsinin qərarında baş prokurorun E.Fətullayevin təqsirsizlik prezumpsiyası hüququnu pozan açıqlama verməsi tanınıb:
– İddiamın Bakı şəhər Prokuriorluğunun rəsmən üzr istənilməsi hissəsindən vaz keçirik. Hesab edirik ki, kimsə zorla üzr istəməyə məcbur edilə bilməz. İnsanın mədəniyyəti varsa, normal tərbiyə görübsə etdiyi səhvə görə üzr istəmməlidir. Yox əgər mədəniyyəti yoxdursa, etdiyi səhvə görə üzr istəmirsə, normal tərbiyə görməyibsə, onda
Hakim bu yerdə Fətullayevin sözünü kəsdi:
– Təhqir etməyin.
– İşgüzar nüfuza vurulan ziyan məsələsindən də imtina edirik. İstəyirik ki, öz səhvlərini dərk edib etiraf etsinlər ki, təqsirsizlik prezumpsiyası hüququmu pozublar.
– Bundan sonra hakim Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Ramiz Rzayevə iddianı qəbul edib etməməsi ilə bağlı sual verdi. R.Rzayev iddianı qəbul etmədiklərini bildirdi.
Bundan sonra hakim iddia ilə bağlı çıxış üçün sözü E.Fətullayevə verdı.
– Bu mənim artıq “N”-ci məhkəməmdir. Təqsirsizlik prezumpsiyası hüququmun pozulması ilə bağlı isə 2-ci məhkəməmdir. Hər dəfə də mənim bu hüququmu prokurorluq pozub. Özü də bunu Azərbaycan dövləti adından edib. Əslində isə prokurorluq qanunların keşiyində durmalıdır. Əfsus ki, bizdə bu qurum represiya aparatına, mafiozların əlində alətə çevrilib. Mən təqsirsizlik prezumpsiyası hüququ ilə bağlı araşdırma aparmışam. Təqsirsizlik prezumpsiyası, hüququnun pozulması və böhtana görə məsuliyyət hələ Qədim Romada mövcud olmuşdur. Bu qanun Memnonia Lex və ya Lex Remmia adlanır. Qanuna əsasən, məhkəmə hökmüylə böhtan atması təsdiqlənən şəxslərin alınlarında “calumnia” yəni böhtan sözü döymə şəkilində həkk olunurdu. Bu böhtançılara qarşı ən ağır cəza sayılırdı. Bu məhkəmə ərəfəsində mən
tanınmış gürcü filofofu Merab Mamardaşvilinin “Düşüncənin estetikası” kitabını oxuyub sona çatdırmışam. Merab Mamardaşvili yazır ki, “Qanun həm də qanuni şəkildə həyata keçirilməlidir. Qanuna nail olmaq üçün vasitələr də qanuni çərçivədə olmalıdır. Əgər bu belə deyilsə, biz qanunu tətbiq etmirik, əksinə qanunçuluğu məhv edirik”.
Bunu çox istərdim ki, prokurorluq orqanlarında işləyənlər, rəhbərliyi eşitsin. Merab Mamardaşvili bəziləri kimi geydirmə filosof, akademik deyil. Bu gün Azərbaycan prokurorluğu sosialist dövrünün üsul-idarəsi ilə idarə olunur. Hüquq cəmiyyət tərəfindən qəbul edilmiş ədalət və insan haqları dəyərlər sisteminə söykənməlidir. Məhz insan haqları ilə bağlılıq nəticəsində hüquq sosial normalar və münasibətləri tənzimləyən universal ictimai institut statusuna qədər yüksəlir.
Qanunçuluğun qeyri-hüquqi anlayışını təlqin və təbliğ edən kvazi-hüquqi rejimlərin təşəkkülləri təcrübəsi tarixə məlumdur. Məsələn, sovet-marksist təsfiri hüququ məhz hakim zümrənin iradəsini ifadə edən qanun şəkilində qəbul edirdi. Sosialist qanunçuluğa görə, hüququn əsasında insan haqları və azadlıqları, ədalət və bərabərlik haqda təsəvvürlər deyil, hakim zümrənin hegemoniyası və hegemonun maraq və məqsədlərinə xidmət edən, həm də cəmiyyətə zorakılıqla sırınan norma və qaydalar olmalıdır. Ancaq problem ondadır ki, hüququn bu cür tövsifi, hüquqşünaslar bunu pozitivist tövsif adlandırırlar, ancaq zorakılığı və təqibi dövlət siyasəti səviyyəsində təbliğ edən hökumətlərin məmləkətlərində mümkündür. Yəni ədalət və insan haqları haqda konsensus təsəvvür hüquq deyil, güclünün iradəsinin təzahürüdür. Başqa bir filosof Qobs bunu bu cür izhar etmişdi: “Qanunun gücü ondadır ki, bu suverenin əmridir”.

Qeyri-hüquqi aktlar və məhkəmələrdə hökm sürən özbaşınalıq cəmiyyətin hüquqa bir institut kimi etimadın sarsıdır. Digər tərəfdən, prokurorluq və məhkəmə orqanları tərəfindən törədilən özbaşınalıq dövlət zorakılığının artan xətlə yüksəlməsinin bariz nümunəsidir, ictimai münasibətləri tənzimləyən mexanizmdə repressiyaların rolunu artdığının göstəricisidir. Yalnız zorakılığın təhlükəsi şəraitində insanlar qanun qismində o anlayışları qəbul edir ki, bu anlayışlar insanların ədalət və insan haqları haqda təsəvvürlərinə uyğun gəlmir. Mən bu insanların sırasında dayanmaq istəmirəm və məhz ona görə də yalnış mafioz təsəvvürləri qəbul etməyərək, Cinayət Prosessual Məcəlləsinin təqsirsizlik prezumpsiyası, şərəf və ləyaqətin heç bir halda tapdanmasının qəbul edilməzliyi haqda tələblərinə istinad edib, prokurorluq orqanlarının qanun qarşısında cavab verməsinin tələb edirəm. İddiamın fəlsəfi əsaslarına dair hissəsini Qədim Romadan gətirdiyim tarixi misalla başladım və elə Qədim Roma ilə çıxışımın bu hissəsini bitirmək istəyirəm.
Hakim:
– Fətullayev iddia haqda…
– Elə bu iddia haqdadır. Vaxtı ilə dahi filosof Avqustin dövləti quldur dəstədən fərqləndirən cəhətlər haqda çox dəyərli fəlsəfi traktatla çıxış etmişdir. Essenin sonunda romalı açıq sualla cəmiyyətdən soruşmuşdur: “Ədalət mühakiməsi olmadığı şəraitdə dövlət böyük quldur dəstəsinə bənzəmirmi? Axı quldur dəstələrin özləri də miniatüradakı dövləti xatırladır?”
Hakim:
– Fətullayev iddianın üstünə gəlmirsiz axı.
– Məni 12 saylı cəzaçəkmə müəsisəsində girov saxlayarkən Avropa Məhkəməsini qərarını gözləyirdim. Cibimə nəşə atdılar. Yanvarın 2-də isə bakı İstintaq Təcridxanasına etap etdilər. Fevralın 2-də isə Bakı şəhər Prokurorluğu mənə mart ayının 27-də verilən ekspert rəyindən sitat gətirməklə narkoman adlandırdı. Istintaq bitməmiş istintaq materiallarına istinad etdi. Işi Qaradağ Rayon Prokurorluğu aparırdısa, necə oldu ki, materiallar Bakı Şəhər Prokurorluğuna gedib çıxdı? Bəs istintaq sirri hara getdi? Bakı Şəhər Prokurorluğu hər gün yüzlərlə narkomanı həbs edir. Niyə onlar barəsində məlumat yaymır? Bunlar bü günə kimi 3 nəfərlə – Mirzə Sakit, mən və Nardaranlı Hacıəli ilə bağlı rəsmi məlumat yayıblar. Prokurorluğun nümayəndəsi Strasburqa gedib bu işin materiallarına istinad etməklə məni qaralamağa çalışıb. Jurnalist göndərib Avropa Məhkəməsinin sədrinə suallar ünvanlayıblar.
E.Fətullayev Zakir Qaralovun onu terrorçuluqda hədələməklə bağlı açılamasının Avropa Məhkəməsi tərəfindən əsassız hesab edilməsindən sonra Azərbaycanın baş prokurorunun bütün dünyada biabır olduğunu deyib. Hakimdən xahiş edib ki, həmin iş üzrə presidenti tətbiq etməklə onun hüquqlarını bərpa etsin.
Bundan sonra hakim R.Rzayevdən E.Fətullayevə sual verib-verməyəcəyi maraqlandı. Prokuror köməkçisinin mənfi cavabından sonra ona iddia ilə bağlı mövqeyini açıqlamağa şərait yaratdı. R.Rzayev dedi ki, həmin rəsmi məlumatdan 1-2 gün əvvəl E.Fətullayevin atası və vəkili mətbuata müxtəlif səpkili açıqlamalar veriblər. Bakı Şəhər Prokurorluğu isə sadəcə olaraq həmin məlumatları öz rəsmi açıqlamasında təkrarlayıb. E.Fətullayevin “demək istəyirsiniz ki, mən narkoman deyiləm” sualına R.Rzayev konkret cavab verməyib.
R.Rzayevə İ.Aşurov da suallar verib:
– Həmin bəyanatı kim verib?
– Biz bəyanat verməmişik, rəsmi Bakı Baş Polis İdarəsi ilə birgə rəsmi məlumat vermişik.
– “Azərbaycan” qəzetində dərc olumuş rəsmi məlumat-bəyanatı hansı qanuna əsasən vermisiniz?
– Prezidentin fərmanı, Prokurorluq haqqında qanuna əsasən.
– Prokurorluq haqda qanunda bəyanat vermək hüququnuz var?
– Qanunda var.
– Hansı qanunda?
– Baş prokurorun 0962 saylı əmri var.
– Siz Avropa Şurası Nazirlər Komitəsinin cinayət prosesi ilə bağlı məlumatların yayılması qaydalarını bilirsiniz?
– Bunun məsələyə nə dəxli var axı?
– Sualı hakim çıxarmırsa cavab vermək lazımdır.
– İddiaya aidiyyatı yoxdur axı.
– Birbaşa aidiyyatı var.
-Yoxdur.
– Var, var.

Bu yerdə İ.Aşurov gərginləşmiş vəziyyəti bir qədər yumşaltmaq üçün olmuş əhvalat danışdı:
– Əli Kərimin 50 illik yubileyini qeyd etmək üçün Abbas Abdulla, Xəlil Rza və bir çox adamlar Göyçaya gedirlər. Həmin gün səhər polis rəisi, axşam isə prokuror onlara qonaqlıq verir. Növbəti gün Əli Kərimin qəbrinin üstündə Abbas Abdulla sözü Xəlil Rzaya verir. Xəlil Rzanın ilk sözü bu olur ki, şərəfsiz polis rəisi, şərəfsiz və rüşvətxor prokuror və belə ifadələrə tez-tez müraciət etməklə 50 dəqiqəyə yaxın çıxış edəndən sonra Abbas Abdulla əli ilə Xəlil Rzanı saxlayaraq deyir ki, rəhmətlik Əli Kərimdən də bir az danış. Xəlil Rza da deyir ki, elə bu şərəfsiz və rüşvətxorlar Əli Kərimi dərdə salıb öldürdülər də.
Prokurorluğun nümayəndəsi İ.Aşurovu diqqətlə dinləyəndən sonra ondan AXCP sədri Əli Kərimlidən danışdığını sual etdi. İ.Aşurov isə nümayəndənin məşhur şair Əli Kərimi tanımamasından təəssüfləndiyini gizlətmədi və ona sullarını ünvanladı. R.Rzayev suallara verdiyi cavablarda həmin rəsmi məlumat-bəyanatda E.Fətullayevin təqsirsizlik prezumpsiyası hüququnun pozulmadığnı israr etdi. Dedi ki, Fətullayevin atası ilə vəkillərinin açıqlamalarını təkrar ediblər. İ.Aşurov isə müdafiə tərəfinin açıqlamalarının təkrar yayılmasının hansı zərurətdən doğduğunu R.Rzayevə sual etdi. Bildirdi ki, məsələnin Azərbaycan məhkəmələrində ədalətli həll edilməsinin tərəfdarıdır: “Bu rəsmi bəyanat-məlumatınızı Avropa Məhkəməsinə göndərsək, əminəm ki, Fətullayevin təqsirsizlik prezumrsiyası hüququnun pozulması tanınacaq. Siz vətənimizin qarşısında məsuliyyət hissini anlayırsiniz?”
Vəkilin bir neçə sualından sonra proses iş vaxtı sona çatdığı üçün 21 oktyabr saat 15:00-a kimi təxirə salındı.

P.S: Məhkəmə zamanı Eynulla və İsaxan Aşurov qarşı tərəfi faktlarla bir vəziyyətə saldılar ki, gəl görəsən. Ağlı başında olan adam belə vəziyyətdə özünü öldürərdi. Bir daha Eynullaya heyran oldum. Həqiqədən də adam DİVdir!

Bir Cavab to “Eynullanın məhkəməsində… (Azərbaycan tarixindən bir parça)”

  1. Action Meinhof Says:

    Turxan, tam təfsilatı ilə məhkəmə prosesini kağız üzərinə köçürdüyün üçün təşəkkürlər!
    Başdan sona kimi bir neçə konkret anlar var ki, həm məhkəmə heyətinin, həm də qarşı tərəfin necə savadsız olduğunu sübut etdi. Ən çox da ilişdiyim məqam Əli Kərimli ilə Əli Kəriminin səhv salınması idi.
    Bir də mənə maraqlıdır ki, “İşi Qaradağ Rayon Prokurorluğu aparırdısa, necə oldu ki, materiallar Bakı Şəhər Prokurorluğuna gedib çıxdı? Bəs istintaq sirri hara getdi? Bakı Şəhər Prokurorluğu hər gün yüzlərlə narkomanı həbs edir. Niyə onlar barəsində məlumat yaymır?” suallarını verərkən beyinlərdə cavab vermək üçün hansı bəhanələr “bişirilirdi”.
    Nə isə, bura Azərbaycandır!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: