Aqşin Yeniseydən 4 yeni şeir

Həmid Herisçi ilə yolüstü söhbət

Günəşin əriyib yerə töküldüyü bu şəhərin göylərindən

Hər gün ümid durnaları çığıra-çığıra uzaqlaşır

Bu qala divarlarınn önündə

Hər şey, hamı yalqızlaşır

Sərin meh də sazaqlaşır!

Başını kəsirlər Sisianovun

Sanki, ilk dəfə görüşür Allahla yara.

…gec-tez dərdə çevrilir sevgi.

Qadın ilk növbədə sevgini sənədləşdirir

Allahı kağıza köçürür peyğəmbər

əlinin qanının kağıza silir tarix,

və gələcək nəsillərə uzadır.

Gələcək nəsillər… yazıqlar… gələcəklər

Bütün köhnə əzabları yenidən çəkəcəklər.

Yaxşı insanla hər gecə

Mütləq kimsə vidalaşır, kimsə ondan uzaqlaşır.

Bu qala divarlarının dibində vətəndən didərgin düşməyə hazırlaşan

İki şair qucaqlaşır.

Bu vaxt meh də sazaqlaşır.

Bu vaxt Allah yoxa çıxır

bu vaxt insan yazıqlaşır.

Bu vaxt göz yaşları daha da duru,

Siqaretin tüstüsü daha da acı olur

Tale üz çeviribsə

Qızılgül kolu da adama dar ağacı olur.

Günəşin əriyib yerə töküldüyü bu şəhərdən

Çıx get, şair!

Başın burdakı bədənlərə ağırlıq edir.

***********

Gecəyarı boş küçəyə suallar

İstəyərdinizmi ürəyiniz adi insan ürəyi olsun?

Yəni bir az daş.

İstəyərdinizmi gözləriniz adi insan gözləri olsun?

Yəni bir az kor

İstəyərdinizmi adi insan kimi ağlayasınız?

Yəni hərdən, aradabir

İstəyərdinizmi pəncərədən adi insan kimi baxasınız?

Yəni intihar etmək üçün yox

İstəyərdinizmi küçədə adi insan kimi dayanasınız?

Yəni getməyə yeri olmayan biri kimi yox

Yoxsa elə sizdə belədir?

***********

Buludxan

Arvadı, atı, iti, bir də çomağı vardı

Təpənin üstə qalxar, çomağına söykənər, yamacda basdırılmış

Qəbirlərə baxardı

Buludxan.

əvvəl arvadı öldü

sonra at

sonra da it.

Həyatda söykənəsi bircə çomağı qaldı

Buludxanın.

Ağlamadı yuyulsun, çirkləndi kir oldu gözləri

O qədər bir yerə zilləndi birləşdi, bir oldu gözləri

Təpənin üstündcə lal-dinməz kor oldu gözləri

Dünya daha görünmədi

Buludxana.

Nə su içdi, nə ağzına tikə qoydu

Yeməsə də, içməsə də

Kimi ona su apardı, kimi ona kökə qoydu

Buludxanın acığına Buludxan bu kökə qoydu

Buludxanı.

Hərdən ölü zənn etdilər, gedib gördülər diridi

Təpə üstə bir çomağdı, bir sümükdü, bir dəridi

Kişi dönüb ana oldu

Nə qədər dərd yuxuladı, nə qədər ağrı kiridi

Buludxanda.

Bir gecə şimşəklər çaxdı, göy gurladı

Və sel basdı bütün kəndi.

Gəldilər ki, aparsınlar, bircə kəlmə “gedin” dedi.

O gecə təpənin üstə

Ölümlər xəcalat çəkdi, Əzrayıllar üzr istədi

Buludxandan.

***********

Məktub

Gözlərindən ötrü darıxan var burada

Baxılmaq istəyir sənə

Sevgidə azyaşlıdı, ayrılıqda ahıldı

Birdəfəlik rədd olmaq,

Yox olmaq istəyir sənə.

Tək-tənha şax dayanmaq yorub onu

Hardasan?

Yıxılmaq istəyir sənə.

26 sentyabr 2010

Advertisements

3 Cavab to “Aqşin Yeniseydən 4 yeni şeir”

  1. Nijat Says:

    gozel

  2. Azer Aydin Says:

    gozeldir…

  3. Nurlana Says:

    Sadəcə məftunam….

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: